SIĞORTA

14 Fevral

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası İcbari Tibbi Sığorta üzrə İnformasiya Sessiyası təşkil edib

14 fevral 2020-ci il tarixində Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (CCIAF) üzv şirkətlər üçün “İcbari tibbi sığorta üzrə məlumatlılığın artırılması” mövzusunda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin informasiya sessiyasını təşkil edib.

Tədbirdə Agentliyin Regional Mərkəzlərlə iş şöbəsinin müdiri cənab Şükür Eyvazov qonaq-məruzəçi qismində iştirak edib. Tədbirin keçirilməsində məqsəd sahibkarları icbari tibbi sığorta sistemi, sistemin əhəmiyyəti, ölkə üzrə icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi barədə məlumatlandırmaq olub.

Tədbir CCIAF-in İdarəedici direktoru xanım Zibər Hüseynovanın açılış nitqi ilə başlayıb. O, çıxışında icbari tibbi sığorta barədə biznes mühitini məlumatlandırmağın vacibliyini vurğulayıb. Daha sonra çıxış edən Şükür Eyvazov qonaqlara icbari tibbi sığorta sisteminin əhəmiyyəti, sistemin ölkə üzrə mərhələli şəkildə tətbiqi, Xidmətlər Zərfi çərçivəsində təminata alınan tibbi xidmətlər, əhali qrupları üzrə sığorta haqları, müştərək maliyyələşmə məbləğinin tətbiqi və tibbi ərazi bölmələri barədə məlumat verib.

O həmçinin tibbi xidmətin keyfiyyyətinin yaxşılaşdırılması istiqamətində tətbiq edilən yeni mexanizm və layihələr barədə danışıb. Görüş sual-cavab sessiyası ilə davam edib və auditoriyadan gələn suallar cavablandırılıb. Tədbir əyani tanışlıq sessiyası ilə yekunlaşıb. Qeyd edək ki,  Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası 2016-cı ildən fəaliyyət göstərir və əsas məqsədi Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında qarşılıqlı iqtisadi və dostluq münasibətlərini inkişaf etdirməkdir. Palatanın missiyası üzvlərini unikal şəbəkələşmə imkanları ilə təmin etməkdir.

Eyni zamanda, Palata məlumatlandırıcı və maarifləndirici rol oynamaqla, həm üzv şirkətlərə, həm də daha böyük biznes icmasına təsir edən aktual  məsələləri hədəfləyərək hər ay rəsmi tədbirlər təşkil edir və üzv şirkətlərə Palatanın platforması vasitəsilə öz bizneslərini inkişaf etdirmək üçün yardım təklif edir. Hazırda Palatanın 60-dan çox yerli, fransız və beynəlxalq üzv şirkəti var.