SIĞORTA

15 Yanvar

Bakıda torpaq almaq üçün minimum nə qədər pul lazımdır? ARAŞDIRMA

Bakıda torpaq bazarında aktivlik qeydə alınıb.

Fins.az xəbər verir ki, bu barədə "Əmlak" Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı məlumat verib.

Onun sözlərinə görə, ötən il dekabr ayında Azərbaycanın daşınmaz əmlak bazarında demək olar ki, bütün göstəricilər üzrə nisbi artımlar qeydə alınıb. Xüsusilə son üç ay ərzində bazarda dinamiklik yüksəlib.

"Oktyabr və noyabr aylarında yaranan aktivlik ilin sonunda qiymətlərə təsir göstərib. Dekabr ayı ərzində təkrar mənzil bazarında qiymət artımı 1,1%, ilkin mənzil bazarında 2,3%, torpaq bazarında 1%, kommersiya obyektlərində isə 0,7% təşkil edib. Dekabr ayında noyabrla müqayisədə bazara müraciət edənlərin də sayında 3%-ə yaxın artım olub. Daşınmaz əmlakın orta ekspozisiya müddəti 4%-ə qədər azalıb».

Ekspert bildirib ki, dekabr ayı kirayə mənzil bazarında qiymət dəyişməsinin xarakterik olmadığı bir dövrdür. Qış aylarında kirayə mənzil bazarında kəskin qiymət artımı yalnız şəhərsalma ilə əlaqədar bir sıra ərazilərdə söküntü işləri artanda baş verir.

R.Osmanlı daha çox aktivlik Xəzər və Sabunçu  rayonlarında baş verdiyini deyib. Ekspertin fikirlərinə görə, sözügedən rayonlarla müqayisədə Masazır, Xırdalan tərəfdə aktivliyin az olması, yolların tıxac olması ilə bağlı ola bilər. Ekspert kirayə mənzillər haqqında da məlumat verib. Onun sözlərinə görə, kirayə mənzil bazarında qiymətlər stabildir. 

2019-cu ilin dekabr ayında 2018-ci ilin müvafiq dövrü ilə də müqayisədə ayrı-ayrı sahələr üzrə qiymətlərdə artım müşahidə olunub. İlkin mənzil bazarında 13,5%, təkrar mənzil bazarında 9%-dən bir qədər artıq, torpaq bazarında 11%-dən bir qədər çox, fərdi yaşayış evlərində 7,8%, qeyri-yaşayış sahələrində isə 7%-dən yuxarı qiymət artımı baş verib. Nisbi qiymət artımlarının olmasına baxmayaraq, bütövlükdə bazarı dekabr ayı üçün stabil qiymətləndirmək olar. Bazardakı qiymət dəyişmələri demək olar ki, ümumi iqtisadiyyata adekvat olub. Rayonlar üzrə mənzil bazarında Nərimanov, Xətai, Binəqədi rayonlarında qitymətlər artıb.

Həmin rayonlar üzrə qiymət artımları müvafiq olaraq 2%, 1,1% və 1,6% təşkil edib. Səbail, Nəsimi, Yasamal və Xəzər rayonlarında qiymətlər stabil qalıb. Sabunçu, Pirallahı və Suraxanı rayonlarında isə qiymətlərin nisbi azalması müşahidə edilib.

Azalmalar həmin rayonlar üzrə müvafiq olaraq 0,7%, 1,3% və 1,1% təşkil edib. Araşdırmalar göstərir ki, ilkin mənzil bazarında qiymətlər daha çox şəhər mərkəzinə yaxın olan ərazilərdə artır. Ötən il ərzində bu tendensiya daha çox şəhərsalma və tikinti işləri ilə bağlı bir sıra qərarların qəbulu və inzibati tədibrlərin həyata keçirilməsindən asılı olub.

Ekspert əlavə edib ki, əvəəl şəhərin ətraf yerlərində 1 sot torpağı min manata tapmaq olardı. Hazırda isə bu mümkün deyil. Torpağın 1 sotu minimum 2500 manatdan başlayır.