Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla Valeh Hüseynovun Milli Hematologiya və Transfuziologiya Mərkəzinin İcraçı direktoru təyin edilməsi haqqında əmr imzalayıb.
V.Hüseynov 1998-ci ildə Azərbaycan Tibb Universitetinin (ATU) pediatriya fakültəsini bitirib. Əmək fəaliyyətinə 1999-cu ildə Respublika Onko-Hematoloji Mərkəzində Kiçik elmi işçi kimi Onko-Hematoloq vəzifəsində başlayıb. 2000-ci ildə B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda elmi işçi, 2001-ci ildən Mərkəzi Klinik Xəstəxanada hematoloq, 2003-cü ildən Xəstəxananın Hematologiya və Onkologiya bölməsi və Qan Bankının müdiri vəzifələrində çalışıb. 2009-cu ildən sözügedən xəstəxananın Terapiya Mərkəzinin müdiri, 2015-2017-ci illərdə ATU-nun Tədris Terapevtik Klinikasının Hematologiya şöbəsinin müdiri vəzifələrində fəaliyyət göstərib. O, bu vəzifəyə təyin olunanadək Talassemiya Mərkəzi publik hüquqi şəxsin direktoru vəzifəsində çalışıb. V.Hüseynov çoxsaylı elmi məqalələrin müəllifidir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu il 23 dekabr tarixində ölkədə qan, qan komponentlərinin donorluğu və qan xidməti sahəsində dövlət fəaliyyətinin səmərəliliyini daha da artırmaq və sistemliliyini təmin etmək, əhalinin qan, qan komponentlərinə olan tələbatını ödəmək, habelə qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi zamanı beynəlxalq standartların tətbiq edilməsi məqsədilə Talassemiya Mərkəzi publik hüquqi şəxsin və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun birləşmə formasında yenidən təşkili yolu ilə TƏBİB-in tabeliyində publik hüquqi şəxs statuslu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin yaradılması haqqında Fərman imzalayıb.