Gələn il aprelin 1-dən icbari tibbi sığorta haqları ilə əlaqədar qanunvericiliyin tələblərinin pozulmasına görə tətbiq olunacaq maliyyə sanksiyalarının bölüşdürülməsi prinsipi müəyyənləşib.
Fins.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə tətbiqi barədə fərman imzaladığı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.
Beləliklə, “Tibbi sığorta haqqında” qanunun 15-9.2-ci maddəsinə uyğun olaraq həmin qanunun tələblərinin pozulmasına görə Vergi Məcəlləsinə əsasən vergi orqanları tərəfindən tətbiq olunan maliyyə sanksiyalarının 50%-i aşağıdakı kimi bölüşdürüləcək:
- 5% Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hesabına köçürülür;
- 22,5% Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına köçürülür;
- 22,5% İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Agentliyin hesabına köçürülür;
“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-9.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergi orqanları tərəfindən sığorta haqqının ödənilməsinin gecikdirilməsinə görə hesablanan faiz məbləğinin 30%-i aşağıdakı kimi bölüşdürülür:
- 5% Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hesabına köçürülür;
- 12,5% Azərbaycan İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına köçürülür;
- 12,5% İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Agentliyin hesabına köçürülür.
Qeyd edək ki, gələn il aprelin 1-dən aşağıdakı kateqoriyalar müəyyənləşdirilmiş icbari tibbi sığorta haqqı ödəməlidirlər:
- muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər – sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2%, 8 000 manatdan yuxarı olan hissəsindən 0,5%, sığortaolunan tərəfindən əməkhaqqının 8 000 manatadək olan hissəsindən 2%, 8 000 manatdan yuxarı olan hissəsindən 0,5%;
- Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) – minimum aylıq əməkhaqqının 4%-i;
- mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərə münasibətdə sığortalı qismində onları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslər – gəlirlərinin 8 000 manatadək olan hissəsinin 2%-i, 8 000 manatdan yuxarı olan hissəsinin 1%-i.
© APA