Finss.az - Beynəlxalq Muğam Mərkəzində Qədir Rüstəmovun 90 illiyinə həsr olunmuş xatirə tədbiri keçirilib. Qarabağ xanəndəlik məktəbinin unudulmaz simalarından olan sənətkarın yubiley gecəsi yazıçı və Əməkdar mədəniyyət işçisi Mustafa Çəmənli tərəfindən aparılıb.
Tədbirdə millət vəkili Aqil Abbas, yazıçı-dramaturq Seyran Səxavət, Əməkdar incəsənət xadimi Çingiz Abbasov, Əməkdar artist Azad Şükürov, jurnalist Fəxrəddin Hacıbəyli və tarzən Aydın Mehrəliyev çıxış edərək sənətkarla bağlı xatirələrini bölüşüblər, onun ifaçılıq xüsusiyyətlərini və bənzərsiz istedadını vurğulayıblar.
Tədbir boyu Qədir Rüstəmovla bağlı videomateriallar nümayiş olunub. Həmçinin Əməkdar artistlər İlkin Əhmədov, Sevinc Sarıyeva, Elnur Zeynalov, xanəndələr Güllü Muradova, Mustafa Mustafayev, Murad Laçın, Yusif Cəfərbəyli ifaları ilə gecəni zənginləşdiriblər.
İfaçılar Beynəlxalq Muğam Mərkəzinin solistləri tərəfindən tarda Rüstəm Müslümov, kamançada Toğrul Əsədullayev, balabanda Rafael Əsgərov, qanunda Məhta Məhəmmədəlizadə, nağarada Siyavuş Kərimov instrumental müşayiəti ilə dəstəkləniblər.














