Finss.az - Avstriya Respublikasının mədəniyyət paytaxtı hesab olunan Salzburg şəhərində fəaliyyət göstərən Salzburg Azərbaycan Evi növbəti əlamətdar görüşə ev sahibliyi edib. Belə ki, Türkiyə Respublikasının Salzburg şəhərindəki Baş Konsulu, hörmətli Şükriyyə Bayar xanım Salzburg Azərbaycan Evinin qonağı olub.
Görüş zamanı Salzburg Azərbaycan Evinin rəhbəri Fərid Əzizov qonağı səmimi şəkildə qarşılayaraq Azərbaycan Evinin fəaliyyəti, əsas məqsədləri və görülən işlər barədə ətraflı təqdimatla çıxış edib. Fərid Əzizov Avstriyada yaşayan azərbaycanlıların milli-mədəni dəyərlərinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən layihələr, təşkil olunan mədəni tədbirlər və təşəbbüslər haqqında geniş məlumat verilib.
Həmçinin Salzburg Azərbaycan Evində mütəmadi olaraq keçirilən mədəniyyət tədbirləri, milli bayramlara həsr olunmuş proqramlar, eləcə də fəaliyyət göstərən həftəsonu məktəbi barədə Baş Konsula ətraflı məlumat təqdim edib. Qeyd olunub ki, həftəsonu məktəbi vasitəsilə Avstriyada böyüyən azərbaycanlı uşaqlara ana dili, tarix, milli-mənəvi dəyərlər və mədəni irs aşılanır ki, bu da diaspor fəaliyyətinin mühüm istiqamətlərindən biridir.
Görüş zamanı çıxış edən Türkiyənin Salzburg Baş Konsulu Şükriyyə Bayar xanım Avstriyada Azərbaycan diasporasının gördüyü işləri yüksək qiymətləndirərək bu fəaliyyətin təqdirəlayiq olduğunu vurğulayıb. O, Azərbaycan Evinin cəmiyyətin birləşdirilməsi, milli kimliyin qorunması və mədəni diplomatiyanın gücləndirilməsi baxımından mühüm rol oynadığını bildirib.
Baş Konsul, qarşıdakı dövrdə Azərbaycan və Türkiyə diaspor təşkilatlarının Avstriyada birgə və daha koordinasiyalı fəaliyyət göstərməsinin əhəmiyyətinə diqqət çəkib. Ortaq tarixə, mədəniyyətə və inanca sahib olan iki qardaş xalqın diasporalarının Avstriyada birlik və həmrəylik içində fəaliyyət göstərməsinin vacibliyi xüsusi olaraq vurğulanıb.
Şükriyyə Bayar xanım, “iki dövlət, bir millət” prinsipi əsasında gələcək illərdə ortaq mədəni layihələrin, tədbirlərin və təşəbbüslərin həyata keçirilməsinin mühüm olduğunu qeyd edib. O, xüsusilə 2026-cı ilin Azərbaycan və Türkiyə diasporları üçün önəmli bir mərhələ ola biləcəyini bildirərək, bu il çərçivəsində daha genişmiqyaslı mədəni və ictimai layihələrin reallaşdırılmasının perspektivlərindən danışıb.
Görüşün sonunda Salzburg Azərbaycan Evi ilə Türkiyənin Salzburg Baş Konsulluğu arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub, qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Sonda xatirə şəkli çəkdirilib, Türkiyənin Salzburg Baş Konsulu Şükriyyə Bayar xanım Salzburg Azərbaycan Evinin qonaq kitabına səmimi ürək sözlərini yazaraq Azərbaycan Evində gördüyü işlərə uğurlar arzulayıb.
Bu cür görüşlər Avstriyada yaşayan Azərbaycan və Türkiyə icmaları arasında əlaqələrin güclənməsinə, ortaq dəyərlərin daha geniş şəkildə təbliğinə və diaspor fəaliyyətinin daha sistemli şəkildə inkişafına mühüm töhfə verir.










