16 dekabr 2025-ci il tarixində Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış Bakı Kitab Mərkəzində yazıçı Gülər Coşqunsoyun yeni kitablarının təqdimatı və imza günü təşkil edilib.
Finss.az xəbər verir ki, tədbirdə Prezident İlham Əliyevə həsr olunmuş “Milli Xilaskar” və şəhid general Polad Həşimova ithaf edilən “Ulu Röya Yolunda” əsərləri təqdim olunub.
Tədbir Türk Dünyası Qadınlar Komitəsi, Komitənin təsisçisi və rəhbəri Dilbər Coşqunsoy və Milli.az saytının redaktoru Xəyal Abdullayevin birgə təşkilatçılığı ilə keçirilib.
Mərasim ümummilli lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, ardınca Azərbaycan Dövlət Himni səsləndirilib.
Tədbirdə Prezident İlham Əliyevin doğum günü münasibətilə təbriklər çatdırılıb, müasir Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsindəki tarixi rolu vurğulanıb. Aparıcı Dilbər Coşqunsoy müəllifin yaradıcılığı və təqdim olunan kitablar haqqında məlumat verib, daha sonra Gülər Coşqunsoy əsərlərin ideya-məzmunu və vətənpərvərlik ruhundan danışıb.
Tədbirdə iştirak edən qonaqlar arasında Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin media müşaviri Cihangir İşbilir, Azərbaycan–Türkiyə İş Adamları Birliyinin fəxri başqanı Cəmal Yangın, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, Vətən Müharibəsi Fondunun rəhbəri Şəfa Mövsümov, “Bugün TV” rəhbəri Elnarə Dərziyeva, Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Şaiq Səfərov, Vətən müharibəsi qazisi Rafiq Rəhimli, STMEGI Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondunun direktor köməkçisi Fuad Xaymov və digər dövlət qurumlarının təmsilçiləri, media nümayəndələri və ziyalılar iştirak edib.
Çıxış edən qonaqlar müəllifin yaradıcılığını yüksək qiymətləndirərək, əsərlərin gənc nəsildə vətənpərvərlik ruhunun formalaşmasında əhəmiyyətli rol oynadığını vurğulayıblar.
Tədbirin bədii hissəsində Gülər Coşqunsoyun əsərlərindən “Ali Baş Komandanım” və “Leyla” parçaları səsləndirilib, müəllifin şeirlərindən bəstələnmiş mahnı təqdim olunub. Həmçinin Vətən müharibəsi iştirakçısı Tural Süleymanov tarda “Xudayar təsnifi” ifa edərək iştirakçılara duyğulu anlar yaşadıb.
Sonda müəllif kitablarını oxucular üçün imzalayıb və xatirə şəkilləri çəkdirilib. Tədbir iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.




















