Show

12 Dekabr

Azərbaycan brendi Sevil Art 5 illik fəaliyyətini təqdim edib

Sevil Art brendi “My Silk Way” adlı tədbiri ilə beşillik fəaliyyətini 5 dekabr tarixində Hyatt Regency Baku otelində qeyd edib. Gecədə brendin tərəfdaşları, yaradıcı sahədə çalışan şəxslər və incəsənətsevərlər iştirak edib.

Tədbir zamanı Sevil Art-ın 2020-ci ildən bu günə kimi keçdiyi inkişaf yolunu əks etdirən videoçarx nümayiş olunub. Qonaqlar brendin yaradılma prosesi və əsas mərhələləri ilə bağlı məlumat əldə edib.

Brendin təsisçisi Sevil çıxışında öz brendinin yaranma hekayəsindən danışıb. O, uşaqlıqdan rəsmə maraq göstərdiyini və daha sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil aldığını bildirib. Yaradıcılığa tam yönəlmək qərarı isə brendin formalaşmasına səbəb olub.

Tədbirdə brendin inkişafında dəstək göstərən tərəfdaşlar da çıxış edib. Handicraft mağazasının həmtəsisçisi Jalə Nəcəfova və ABAD nümayəndəsi Qəmər Qafarova brendin fəaliyyətinə verdikləri töhfələrə görə səhnəyə dəvət ediliblər.

Yubiley gecənin sonunda iştirakçılar üçün kiçik viktorina təşkil edilib və qaliblərə Sevil Art tərəfindən hazırlanmış hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Azərbaycan brendi olan Sevil Art ipək şallar və digər materiallardan hazırlanmış aksesuarlar müəllif dizaynları ilə tanınır. Brend Azərbaycan mədəni irsinin, milli naxışların müasir yanaşma ilə sintezini həyata keçirir və bu beş il ərzində həm yerli, həm də beynəlxalq layihələrdə iştirak edərək ölkəni təbliğ edib.