Show

11 Dekabr

Bakıda “İƏT Mədəniyyət Festivalı: Yaradıcı Həftə – 2025” keçirilib: CulTech startapları diqqət mərkəzində

Bakıda “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” (OIC 2025) çərçivəsində mədəniyyət, yaradıcı iqtisadiyyat və innovasiya sahələrini bir araya gətirən genişmiqyaslı tədbirlər proqramı təşkil edilib.

Finss.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən festivalın əsas məqsədi mədəniyyətlərarası əməkdaşlığın genişləndirilməsi, regionda yaradıcı sənayelər ekosisteminin inkişafı və qlobal tendensiyalara uyğun yeni təşəbbüslərin formalaşdırılmasıdır.

Proqram çərçivəsində sərgilər, panel müzakirələri, innovasiya təqdimatları, kreativ baza fəaliyyətləri və müxtəlif ölkələrdən gəlmiş iştirakçıların qatıldığı xüsusi sessiyalar həyata keçirilib. Bakı Yaradıcı Həftəsi boyunca şəhər mədəniyyət və innovasiyanın kəsişdiyi dinamik bir platformaya çevrilib.

Yerli və beynəlxalq ekspertlərin çıxışları, yaradıcı sənayelərin inkişaf istiqamətlərinə dair müzakirələr, startapların təqdimatları və CulTech üzrə keçirilən xüsusi sessiyalar festivalın əsas xəttini təşkil edib. Rəqəmsal və tətbiqi sənət sərgiləri, texnologiya nümayişləri, performanslar və воркшопlar yaradıcı mühiti canlandıraraq gənclər, icmalar, investorlar və dövlət qurumları arasında yeni əməkdaşlıq körpüləri yaradıb.

CulTech proqramı mədəni innovasiyalar, rəqəmsallaşma və regional kreativ ekosistemin inkişafı mövzularına diqqət ayırıb. CulTech – mədəniyyətlə texnologiyanın kəsişməsində yaranan strateji platforma olaraq startaplara mentorluq, investisiya əlaqələri, PR dəstəyi, brendinq və biznes inkişafı imkanları yaradır.

9 dekabr 2025-ci il tarixində CulTech İnkubasiya Proqramının 4-cü kohortunun Demo Day-i Bakı Konqres Mərkəzində keçirilib. Tədbirdə startap komandaları layihələrini investorlar, mentorlar, kreativ sənaye liderləri və beynəlxalq nümayəndələr qarşısında təqdim ediblər. Demo Day həm yeni əməkdaşlıq imkanları, həm də regionun innovasiya potensialının nümayişi baxımından əhəmiyyətli platforma olub.

Demo Day-də təqdim olunan startaplar arasında Bir-Yer.az, BrandedBy, Casting.az, Luhive, Lilitopia və Kendeget layihələri yer alıb. Onlar xəritə əsaslı məkan seçimindən AI kontent generasiyasına, edutainment ekosistemindən icma menecmentinə qədər müxtəlif istiqamətlərdə innovativ həllər təqdim ediblər.

Festival və Demo Day CulTech proqramının genişləndirilməsi üçün yeni perspektivlər açıb. SUP VC və Mədəniyyət Nazirliyi növbəti kohortların təşkilini və yaradıcı sahələr üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsini hədəfləyir. Məqsəd Azərbaycanın kreativ ekosistemini daha da inkişaf etdirərək ölkəni regionun aparıcı CulTech mərkəzinə çevirməkdir.