Tezliklə AzTV-də efirə çıxacaq “Dirilən Adam” serialı Azərbaycan ədəbiyyatının görkəmli yazıçısı Mir Cəlal Paşayevin eyni adlı romanı əsasında ekranlaşdırılıb.
Finss.az xəbər verir ki, serialın mərkəzində Qədir və Qumru adlı xoşbəxt ailə dayanır. Yaşadıqları bölgənin nüfuzlu şəxslərindən olan Bəbirin Qumruya vurulması hadisələrin gedişatını dəyişir. O, Qumrunu Qədirin əlindən almaq üçün müxtəlif yollar axtarır və Qədirin uzaq bir yerə göndərilməsi ilə onu aradan götürməyə cəhd edir. Sui-qəsddən sağ çıxan Qədir isə qisas almaq üçün şəhərə qayıdır.
Baş rollarda Əməkdar artistlər Sənubər İsgəndərli və Füzuli Hüseynov, həmçinin aktyor və aktrisa Günay Həsən və Yasin Həzi yer alırlar.
Yaradıcı heyət aşağıdakı kimidir:
• Ssenari müəllifləri: Pərviz Seyidli, Jalə Novruz, Kamal Hüseynli
• Quruluşçu rejissor: Bəhram Yaqublu
• Quruluşçu operator: Aqşin Rzayev
• Operator: Əmrah Mərdanov
• Aktyorla iş üzrə rejissor: Tural Baxış
• Prodüserlər: Nicat Həsənli, Nərmin Xankişiyeva
• Bəstəkar: Vüqar Məmmədli
• Rəssamlar: İlqar Qurbanov, Ayxan Zərgərov
• Direktor: Həmid Əsədzadə
• Layihə rəhbərləri: Həmid Əsədzadə, Şövkət Məhərrəmova
Serialın ümumilikdə 150 bölüm olması planlaşdırılır. İlk bölüm 1 dekabr tarixindən etibarən həftə içi 5 gün saat 22:00-da AzTV-də yayımlanacaq. Bildirilir ki, bu layihə AzTV-nin tarixində ilk gündəlik çoxserialı layihə kimi qeyd olunur.

