Ankarada “Taşları Toplama Zamanı” kitabının təqdimatı keçirilib.
Finss.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Ankara Səfirliyi və Gazi Universiteti tərəfindən təşkil olunub.
Gazi Universiteti Təhsil Fakültəsində keçirilən proqramda çıxış edən Rektor müavini Prof. Dr. Necdet Hayta Azərbaycan torpaqlarının bütövlüyü uğrunda aparılan mübarizələrdən danışıb. O, İkinci Dağlıq Qarabağ Müharibəsinin nəticələrinin diqqətdən kənarda qaldığını, Ermənistanın siyasi liderlərinin hadisələri qəsdən ört-basdır etdiyini və saxta tarixi sənədlərlə maskaladığını qeyd edib. Həmçinin, illərdir Ermənistan ərazilərində Azərbaycan mədəni irsinin təmizlənməsi, mədəni abidələrin, kəndlərin və şəhərlərin dağıdılması barədə məlumat verilib.
Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov isə kitabın təqdimatının Azərbaycan üçün “Milli Diriliş Günü”nə təsadüf etdiyini xatırladıb. Məmmədov bildirib ki, kitab ölkəni görməmiş şəxslərin Azərbaycanın keçmişini öyrənməsi baxımından əhəmiyyətlidir və türk dilində çap olunması sayəsində Türkiyədə yaşayan həmvətənlərin də Azərbaycanı tanıyıb sevə biləcəyini vurğulayıb. O, ümid etdiyini ifadə edib ki, bu tip layihələr davam edəcək.
Tədbirdə müəllimlər və tələbələr iştirak ediblər.
Fuad Mədətov
Finss.az







FOTO: Anadolu Agentliyi
