Azərbaycanın ilk qadın gəmi kapitanı Şövkət Səlimovaya həsr olunmuş “Şövkət” bədii filminin çəkilişləri uğurla yekunlaşıb.
Finss.az xəbər verir ki, ASCO-nun sifarişi ilə çəkilən filmin əsas məqsədi dənizçilik tariximizdə silinməz iz qoymuş xanımın həyat yolunu, həmçinin İkinci Dünya müharibəsi illərində Azərbaycanın və milli gəmiçiliyimizin cəbhəyə verdiyi töhfələri, eləcə də qadınların gəmiçilik sahəsindəki rolunu bədii dillə geniş tamaşaçı auditoriyasına çatdırmaqdır.
Film istehsalında 70-dən çox yerli və xarici mütəxəssis, eləcə də 100-dən artıq aktyor iştirak edib. Şövkət obrazını gənc aktrisa Nəzrin Abdullayeva canlandırıb. Həmçinin filmdə Xalq artisti Qurban İsmayılov, tanınmış aktyorlar Hikmət Rəhimov, Elsəvər Rəhimov, Nigar Mürsəlova və digər tanınmış simalar rol alıb.
Filmin ideya müəllifi ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin rəisi Mehman Mehdiyev, ssenari müəllifləri isə “Suraxanı” gəmi-muzeyinin direktoru Tural İbrahimov və Asif Rüstəmovdur. Ekran işinin quruluşçu rejissoru Asif Rüstəmov, təsvir rejissoru Rauf Qurbanəliyev, baş prodüseri Tural İbrahimov, icraçı prodüseri Səbinə Həsənovadır.
Çəkilişlər zamanı ASCO-nun donanmasına məxsus gəmilər və digər real məkanlardan geniş istifadə olunub, ki, bu da filmə yüksək realizm və autentiklik qatıb.
Hazırda filmin "post-prodakşn" işləri davam etdirilir.
Əlavə bax: 2024-cü ilin DongFeng Aeolus Shine GS modellərinin bazar qiymətləri