28 May – Müstəqillik Günü münasibətilə Türk Dünyası Rəsm Qalereyasında təntənəli sərginin açılışı baş tutub.
Finss.az xəbər verir ki, əlamətdar günə həsr olunmuş bu sərgi Azərbaycan xalqının müstəqillik yolunda qazandığı tarixi nailiyyətlərin təsviri sənət əsərləri ilə ifadə olunmasına xidmət edir.
Ülkər Qasımovanın aparıcılığı ilə keçirilən tədbirdə Azərbaycanda və beynəlxalq miqyasda tanınmış, nüfuzlu nümayəndələr iştirak ediblər. Onların arasında Azərbaycanın görkəmli Xalq rəssamı, professor, dünya miqyasında ən ali sənət mükafatlarına layiq görülmüş akademik Sakit Məmmədov, Avropa Təbii Elmlər Akademiyasının fəxri üzvü, professor Solmaz Amanova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Təsviri sənət tarixi və nəzəriyyəsi” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aslan Xəlilov, eləcə də sərginin kuratoru, gənc və istedadlı rəssam Aynur Sakit qızı çıxış edərək sərginin əhəmiyyətini vurğulayıblar.
Çıxış edənlər sərginin gənc nəslin yaradıcılıq potensialının üzə çıxarılmasında mühüm rol oynadığını, gənc rəssamların milli-mənəvi dəyərlərə söykənən təsviri sənət əsərləri ilə cəmiyyətə estetik zövq aşıladığını bildiriblər. Eyni zamanda qeyd olunub ki, 2020-ci ildə zəfərlə bitən 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə rəssamlarımızın əsərlərində əlvan rənglərin və nikbin auranın artması daha çox müşahidə olunur. Belə tədbirlərin keçirilməsi həm də incəsənət sahəsində yeni istedadların tanıdılması və təbliği baxımından mühüm rol oynayır.
Sərgidə 20 gənc və istedadlı rəssamın müxtəlif janrlarda işlənmiş, məzmun və forma baxımından bir-birindən fərqli və zəngin sənət əsərləri nümayiş olunub. Gənc rəssamların təqdim etdiyi əsərlər Azərbaycan təsviri sənətinin müasir dövrdəki inkişafını və yaradıcılıq axtarışlarını əks etdirməklə yanaşı, vətənpərvərlik ruhiyyəsini də ön plana çıxarıb.
Sonda sərgi iştirakçıları – Mehriban Alışova, Nigar Bağırova, İlahə Atamoğlanova, Leyla Qurbanova, Jalə Hüseynova, Əfsanə Həbib, Camalxanım Xalıqova, Nərmin İsmayılova, Ülkər Bayramova, Aynur Rzayeva, Şəhla Qəhrəmanlı, İdris Qasımov, Aynur Məmmədova, Ayan Aziz Məmmədova, Ayləl Heydərova, Aqşin Kazımov, Nihad Ağazadə, Çinarə Baxşıyeva, Cəsar Məmmədov, Nizar Məmmədov sərgidə nümayiş etdirdikləri əsərlərə görə sertifikatla təltif olunublar.
























































