Mayın 20-dən etibarən Art Club Qalereyasında “Sən Kifayətlisən” adlı yeni ekspressionist sərgi təqdim olunur.
Finss.az xəbər verir ki, əslən Təbrizli, uzun illərdir Azərbaycanda yaşayan rəssam Şirin Bağçi bu sərgi ilə milli kimlik, qadının daxili dünyası və azadlıq mövzularını yenidən aktuallaşdırır. Daha əvvəl 2018-ci ildə “Qadınlar və Hisslər”, 2021-ci ildə isə “Xəmsə – Nizami Şeirləri” adlı fərdi sərgiləri ilə tanınan sənətkar, bu dəfə 20 portretdən ibarət yeni yaradıcılıq mərhələsini təqdim edir.
Sərgidə təqdim olunan 90x110 sm ölçülü akril boya ilə çəkilmiş portretlər ekspressionist üslubda işlənib və konkret kimlikdən daha çox insani duyğuların – düşüncə, səssizlik, ruhi gərginlik və qəbulu ifadə edir. “Sən Kifayətlisən” sərgisi insanın öz dəyərini və daxili gücünü xatırlatmaq məqsədi daşıyır.
Layihə, tamaşaçıya “Sən dəyişmədən də dəyərlisən, mövcudluğunla kifayətlisən” mesajını çatdırır.
Sərgi 20 may tarixindən etibarən saat 18:00-da Art Club Qalereyasında (Asif Zeynalov küçəsi 11, İçərişəhər) açılıb.
İncəsənətsevərlər sərgini ziyarət edə bilərlər.
Fotoların müəllifi peşəkar fotoqraf Rüstəm Fərman İsmayılovdur.





























