Finss.az - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz növbəti dəfə London Beynəlxalq Kitab Sərgisində zəngin nəşrlərlə təmsil olunur.
Sərgi martın 11-də açılışı ilə başlayıb və 60-a yaxın ölkədən 1000-dən çox iştirakçı, o cümlədən tanınmış naşirlər, yazıçılar və media nümayəndələri iştirak edib.
Azərbaycanın milli stendi sərgidə geniş şəkildə təqdim edilir. Burada ölkənin tarixi və mədəni irsini əks etdirən ən yeni nəşrlər yer alır. Həmçinin, sərgi çərçivəsində yerli və xarici nəşriyyatlarla əməkdaşlıq imkanları müzakirə edilir.
Sərgi çərçivəsində “Azıx mağarası – Azərbaycan ərazisində ən qədim yaşayış məskəni” kitabının təqdimatı keçirilib. Kitab, tarix elmləri doktoru, professor Əsədulla Cəfərovun həmmüəllifliyi ilə hazırlanıb və ingilis dilində nəşr edilib. Tədbirdə iştirak edən diplomatlar, alimlər və media nümayəndələri kitabın əhəmiyyətini vurğulayıblar. Azıx mağarasının tapıntıları beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib və bu mövzu üzrə əməkdaşlıq çağırışları edilib.
Kitabın imzalanma mərasimi də keçirilib və qonaqlar nəşrə böyük maraq göstərərək müəllifin imzası ilə kitab əldə ediblər.
Sərgi martın 13-dək ziyarətçilər üçün açıq olacaq.






Zemfira Ms
Finss.az