Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində yerləşən XVIII əsrə aid "Sərşəhər Məscidi"nin bərpasına başlanılıb.
Finss.az xəbər verir ki, bərpa işləri çərçivəsində məscidlə yanaşı, Sərşəhər meydanına giriş baş tağlarının bərpası və meydanın abadlaşdırılması da həyata keçiriləcək. Bu işlərlə bağlı hazırlıq prosesi Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində yekunlaşıb.
Bərpa və abadlıq işləri “Storm Building” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə olunub və bu məqsədlə şirkətlə 69,7 min manat dəyərində müqavilə imzalanıb.
Sərşəhər Məscidi XVIII əsrin memarlıq nümunəsidir. İkimərtəbəli məscidin mehrabı, ağac sütunları, şəbəkəli pəncərələri və meydanı xüsusi diqqətə layiqdir. Məscid 1986-cı ildə bərpa edilərək meydan kompleksi şəklinə salınıb və 2001-ci ildə Nazirlər Kabinetinin qərarı ilə yerli əhəmiyyətli tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib.
Bərpa işlərini həyata keçirəcək “Storm Building” MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Əsgərov Anar Cahangir oğludur və nizamnamə kapitalı 100 manatdır.