SƏNAYE

16 Avqust

Bu il Azərbaycan qazının Avropaya idxalı 0.7 milyard kubmetr artıb

Bu ilin yanvar-iyul ayları ərzində Avropa İttifaqı boru kəmərləri vasitəsilə 93 milyard kubmetr qaz idxal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5% artım deməkdir.

Bu barədə Finss.az Qaz İxrac Edən Ölkələrin Forumunun (GECF) hesabatına istinadən məlumat yayıb.

Hesabatda qeyd edilir ki, bu artıma Rusiyadan idxalın 3,1 milyard kubmetr, Norveçdən 1,4 milyard kubmetr və Azərbaycandan 0,7 milyard kubmetr artması səbəb olub.

Xüsusilə vurğulanır ki, həm Rusiya, həm də Azərbaycandan 2024-cü ilin hər ayında Avropa İttifaqına boru kəmərləri vasitəsilə qaz tədarükündə illik artım müşahidə edilib.

Qeyd edək ki, Azərbaycan qazının Avropaya nəqli 2020-ci il dekabrın 31-dən etibarən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə həyata keçirilir.

Fuad Mədətov
Finss.az