SƏNAYE

15 Avqust

Sənaye Partlayıcı Maddələrinin İstehsalı Zavodu istehsal həcmini 31,5 min tona çatdırmağı planlaşdırır

“İyul ayında “AzerGold”un fəaliyyəti tarixində daha 2 əlamətdar hadisə yaşandı. Biz İqtisadiyyat naziri və digər dövlət qurumlarının rəsmilərinin iştirakı ilə yeni istehsal müəssisəsini tam rejimdə istifadəyə verdik. Söhbət Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində yaradılmış Çəndə Qələviləşdirmə Zavodu və Gəncə şəhərində törəmə şirkətimiz, dövlət-özəl tərəfdaşlıq modeli əsasında yaradılmış “AzerBlast” MMC tərəfindən ölkəmizdə ilk Sənaye Partlayıcı Maddələrinin İstehsalı Zavodundan gedir”.

Finss.az xəbər verir ki, bu sözləri REAL TV-yə geniş müsahibəsində “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.

Z.İbrahimovun sözlərinə görə, Çəndə Qələviləşdirmə Zavodu qiymətli metal filizlərinin emalında səmərəliliyin artırılması üçün ərsəyə gətirilib: “Mədəndən müxtəlif istismar fazalarında fərqli fiziki xüsusiyyətə malik olan filizlər hasil edilir. Bunlar əsasən Oksid, Transzit və Sulfid filiz növləridir. Oksid filizləri təbii  proseslər nəticəsində aşınmış filizlərdir. Sulfid filizləri isə əksinə aşınma prosesinə  uğramayan və dəyərli metal kontentini “qəfəs”də saxlayan daha mürəkkəb bir filiz növüdür. Eyni zamanda oksid və sulfid filizləri arasında aralıq filizləri də var ki, onlar “tranzit” filizləri (oksid-sulfid qarışıqlı filizlər) adlandırılır.  Son dövrlərədək mədəndən hasil etdiyimiz filiz kütləsinin əsas hissəsini təbii yolla aşınmış aşağı dərəcəli oksidli qızıl filizləri təşkil edirdi. Bu məqsədlə də ən uyğun istehsal prosesimiz  ənənəvi Topa qələviləşdirmə texnologiyası üzrə formalaşmışdı. Məlumat üçün qeyd edim ki, həmin metod ilə  filizlərdən 60-70% qızıl çıxımı əldə etmək mümkün olur.  Bu da beynəlxalq təcrübədə kifayət qədər yaxşı göstərici hesab olunur. Lakin mədən istismarının hazırkı və bundan sonrakı mərhələlərini əsasən sulfid filizləri təşkil etdiyindən həmin filizlərin Topa qələviləşdirmə texnologiyasına ötürülməsi səmərəli deyildi. Sulfid filizlərinin az öncə dediyim “bağlı qəfəs” xüsusiyyətini nəzərə alsaq, yekunda cəmi 10% qızıl çıxımı əldə edəcəkdik”.

QSC sədri bildirib ki, yüksək səmərə əldə etmək üçün həmin filizlərin sulfid “qəfəs”ləri parçalanmalı və daha sonra onlara kimyəvi nüfüzetmə qabiliyyəti artırılmalı idi: “Məhz bu səbəbdən emal prosesinin səmərəliyinin qorunması üçün beynəlxalq nüfuzlu məsləhətçi şirkət araşdırmalara cəlb edildi və uzun müddət müvafiq təhlillər aparılaraq sulfid filizlərindən emalı üçün ən optimal həll yolu tapıldı. Araşdırma 3 ilə yaxın dövr ərzində aparılsa da, bu müddət mədənçilikdə uzun dövr hesab olunmur. Araşdırma-tədqiqatların nəticəsi olaraq məhz Çəndə qələviləşdirmə texnologiyası ən uyğun emal üsulu hesab olundu”.

Z.İbrahimov qeyd edib ki, Çəndə qələviləşdirmə texnologiyası Böyük Britaniya şirkətinin hazırladığı texnoloji dizayn əsasında layihələndirilərək inşa edilib: “Türkiyə şirkətinin əsas podratçı qismində iştirakı ilə zavod və köməkçi infrastruktur obyektləri ümumilikdə dağ şəraitində 22 ay ərzində tam hazır vəziyyətə gətirildi. Koreya şirkəti tərəfindən müəssisənin inşaatına nəzarət həyata keçirildi və zavod  Avropa ölkələrinin istehsalı olan ən müasir avadanlıqlarla təchiz olunub”.

Bildirilib ki, hazırda zavod tam rejimdə fəaliyyətdədir: “İllik 1.1 mln. ton filizüyütmə potensialına malikdir. Zavodda filizlərin tərkibindən və metallurji xüsusiyyətlərindən asılı olaraq qızılın 90%-dək çıxımı 48 saat ərzində əldə edilir. Müqayisə üçün qeyd edim ki, Topa qələviləşdirmə prosesində  qiymətli metalın əldə edilməsi  üçün tələb edilən müddət 3 ay idi. Bu da yeni emal prosesinin əsas üstün cəhətlərindən biridir”.

Zavodla bağlı layihənin icrası üçün tələb olunan 383 milyon manat vəsaitin daxili imkanlar hesabına təmin edildiyini deyən Z.İbrahimov dövlət büdcəsinə əlavə yük yaradılmadığını diqqətə çatdırıb: “Mən deyərdim ki, bu müəssisə dövlət şirkəti tərəfindən büdcədən ayırmalar olmadan icra edilən ən iri layihələrdən biridir. Layihədən xalis gəlir 1 milyard  337 milyon manat olaraq hesablanıb. Eyni zamanda cari xalis dəyəri 34.5 milyon manatdır. “Payback” dediyimiz geriödəmə müddəti 4.4 il nəzərdə tutulub. Layihənin icrası ilə əlavə 101 daimi iş yeri açılıb. Bununla da “Çovdar” layihəsi çərçivəsində regionda məşğulluğa cəlb edilən vətəndaşların sayı 2400 nəfərə çatıb”.

Z.İbrahimov Gəncə şəhərində “AzerGold” QSC-nin törəmə şirkəti, dövlət-özəl tərəfdaşlıq modeli əsasında yaradılmış “AzerBlast” MMC tərəfindən ölkəmizdə ilk Sənaye Partlayıcı Maddələrinin İstehsalı Zavodunun da tam rejimdə istifadəyə verildiyini xatırladıb: “Bu layihədə bizim tərəfdaşımız, “AzerBlast” MMC-nin həmtəsisçisi sahə üzrə ixtisaslaşmış “DM Servis” MMC-dir. Zavodda dağ-mədən və inşaat sənayesində istifadə olunan ANFO və H-ANFO partlayıcı maddələrinin istehsalı həyata keçirilir. İlkin dövrlərdə zavodda illik 14000 ton partlayıcı maddə istehsalı nəzərdə tutulub. Qarabağ və Şərqi Zəngəzurun dağ-mədən sənayesi üzrə mövcud potensialı, genişmiqyaslı tikinti layihələri, həmçinin geniş ixrac potensialı nəzərə alınaraq, növbəti mərhələdə zavodun illik istehsal həcminin – 31500 tona çatdırılması planlaşdırılır”.

QSC sədri əlavə edib ki, layihənin kapital qoyuluşu 11 milyon manat, ümumi investisiya dəyəri isə 15 milyon manatdır: “Bu layihədə də vəsait dövlət büdcəsinə əlavə yük yaradılmadan, “AzerBlast” MMC-nin təsisçiləri – “AzerGold” QSC və “DM Servis” MMC tərəfindən təmin edilib. Zavodun Gəncə şəhərində inşa edilməsində məqsəd ölkəmizin əsas dağ-mədən sənaye mərkəzinə yaxınlıqda, həmçinin beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşməsidir. İlkin mərhələdə 35 nəfərlik işçi heyəti ilə işə başlayan müəssisədə iş yerlərinin sayının 65 nəfərədək artırılması nəzərdə tutulub”.

Fuad Mədətov
Finss.az