SƏNAYE

05 Fevral

Azərbaycanda 3 zavod inşa ediləcək - Ceyhun Əliyev

“Cənub-şərq” və “Şimal-qərb”  mədənlərinin iqtisadi səmərəli və dayanıqlı istismarının təmin edilməsi məqsədilə layihə üzrə icra strategiyasının hazırlanması beynəlxalq təcrübəli və nüfuzlu məsləhətçi “Boston Consulting Group” şirkəti tərəfindən həyata keçirilib. Aparılmış təhlillər layihə çərçivəsində mərhələli istehsal prosesinin qurulmasını optimal həll yolu olaraq müəyyən edib.

Fins.az-ın məlumatına görə, bu barədə “Daşkəsən Dəmir Filiz” MMC-nin Baş direktoru Ceyhun Əliyev bildirib ki, qeyd edilən həll yolu çərçivəsində son məhsul olaraq dəmir filizindən polad sənayesində istifadə olunan yüksək keyfiyyətli – 95% dəmir tərkibli isti briketləşdirilmiş dəmirin (HBI – Hot Briquetted Iron) istehsalı qərara alınıb.

Onun sözlərinə görə, “Daşkəsən” dəmir filizi yataqlarında filizli süxurlarının tərkibindəki dəmirin nisbətən aşağı olması (ortalama 40%) bu filizlərin zənginləşdirilərək minimum 67%-ə çatdırılmasını zəruri edir:

“Bu məqsədlə istehsal zəncirinin ilkin mərhələsi olaraq 67% dəmir tərkibli konsentrat istehsalı məqsədilə Zənginləşdirmə zavodunun inşası nəzərdə tutulub. Növbəti mərhələdə zənginləşdirilmiş konsentratdan xammal qismində mexaniki və kimyəvi uyğunluğun təmin edilməsi üçün aralıq məhsul olan 67% dəmir tərkibli pellet istehsalı infrastrukturu – Pellet zavodu qurulacaq. Daha sonra aralıq məhsul olan pellet 95% dəmir tərkibli HBI məhsulunun istehsalı üçün HBI zavoduna yönəldiləcək”.

C.Əliyev qeyd edib ki, layihə çərçivəsində Zənginləşdirmə zavodunun Daşkəsəndə, SSRİ dövründə mədən yaxınlığında qurulmuş, hazırda istehsal üçün yararsız olan Filizsaflaşdırma kombinatının ərazisində inşası nəzərdə tutulub:

“Dağlıq relyefə malik rayonda Pellet və HBI zavodlarının qurulması üçün uyğun ərazinin olmaması, həmçinin yaşayış sahələrindən kənarda müəssisənin fəaliyyəti üçün zəruri enerji mənbələri (elektrik, qaz), son məhsulun polad istehsalçılarına çatdırılması üçün logistik imkanların məhdud olması bu 2 zavodun ətraf ərazilərdə qurulmasını labüd edib. Nəticədə Pellet və HBI zavodlarının Göygöl rayonunda inşasına qərar verilib.

Ötən dövrlərdə “Daşkəsən” yataqlarında istehsal edilən konsentrat növbəti təyinat məntəqəsinə kanat və dəmir yolu vasitəsilə nəql edilsə də, müasir dövrdə iqtisadi və ekoloji baxımından bu metod bir o qədər səmərəli hesab edilmir. Bu səbəbdən Zənginləşdirmə və Pellet zavodları arasında 45 km məsafədə yükdaşıma əlaqəsinin Şlam boru xətti vasitəsilə aparılması nəzərdə tutulub”.

Baş direktor onu da əlavə edib ki, layihəyə uyğun olaraq, qarşıdakı dövrdə istehsal zəncirinin formalaşdırılması ilə illik 3-3.2 milyon ton filiz hasilatı, bu filizdən 1.3 milyon ton konsentrat və pellet, və nəhayət son məhsul olaraq ~0.9 milyon ton HBI xammalının istehsalı və satışı nəzərdə tutulub:

“Hazırda layihə çərçivəsində yüksək keyfiyyətli dəmir xammalının istehsalı prosesinin laboratoriya şəraitində sınaqlaşdırılması uğurla həyata keçirilib. Sınaqlar nəticəsində 67% dəmir tərkibli konsentratın, daha sonra konsentratdan pellet məhsulunun istehsal edilməsinə nail olunub, növbəti mərhələ üzrə sınaq işləri davam etdirilir”.

Fuad Mədətov
Fins.az