SƏNAYE

02 Fevral

Daşkəsən dəmir filizi sahəsində bütün yataqlar üzrə filiz ehtiyatlarının ümumi kütləsi 309.16 milyon tona çatdırılıb

Hesabat ilində “Daşkəsən Dəmir Filiz” MMC tərəfindən Cənubi Qafqazın ən böyük qara metal filizi yataqları kompleksinin istismarına hazırlıq işləri uğurla davam etdirilib.

Fins.az-ın məlumatına görə, bu barədə MMC-nin Baş direktoru Ceyhun Əliyev bildirib ki, layihənin miqyasını və mürəkkəbliyini ifadə etmək üçün bir sıra tarixi məqamlara toxunmaqla 1860-1870-ci illərdə kəşf olunan Cənubi Qafqazın ən böyük qara metal filizi yataqları kompleksində hasilat işlərinə SSRİ dövründə başlanılıb.

Onun sözlərinə görə, bu məqsədlə 1945-ci ildə Daşkəsən Filiz İdarəsi yaradılıb:

“Layihəyə uyğun olaraq 1954-cü ildən istehsal edilən konsentrat dəmiryolu vasitəsilə Gürcüstanın Rustavi şəhərində yerləşən polad istehsalı müəssisəsinə çatdırılırdı. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra vaxtilə ittifaq respublikaları arasında formalaşdırılmış istehsal zənciri qopduğu üçün dəmir filizinin hasilatında da fasilələr yaranıb. 1994-cü ildən 2017-ci ilədək sahədə istismar işləri qismən aparılıb.

Qeyd edim ki, “Daşkəsən” dəmir filizi sahəsində 6 yataq mövcuddur: “Şimal-şərq”, “Şimal-qərb”, “Cənub-şərq”, “Cənub-qərb”, “Dəmirov” və “Dardərə”.  Bunlardan “Şimal-şərq” yatağı Sovet dövründə tam istismar edilib. “Şimal-qərb” və “Cənub-şərq”  yataqları isə qismən istismar edilsə də, ilkin mərhələdə açıq üsulla yenidən işlənməyə yararlıdır. “Cənub-qərb”, “Dəmirov” və “Dardərə” yataqları isə ehtiyat kateqoriyasına aid perspektiv yataqlar hesab olunur”.

C.Əliyev qeyd edib ki, 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Daşkəsən” dəmir filizi sahəsinin istismara verilməsi ilə əlaqədar işlər “AzerGold” QSC-yə həvalə edilib. Layihə ilə əlaqədar törəmə şirkət qismində təsis edilən “Daşkəsən Dəmir Filiz” MMC tərəfindən istismara hazırlıq işlərinə başlanılıb. Bu məqsədlə ilkin mərhələdə “Şimal-qərb” və “Cənub-şərq” yataqları üzrə mineral ehtiyatların qiymətləndirilməsi üçün tədqiqatlar aparılıb:

“Nəticədə hər iki yataq üzrə yerin təkində olan resurslarda 69.7 milyon ton artım əldə edilib. Bununla, Daşkəsən dəmir filizi sahəsində bütün yataqlar üzrə filiz ehtiyatlarının ümumi kütləsi 309.16 milyon tona çatdırılıb. Sözügedən yataqlar üzrə hazırlanan 21 illik istismar planına uyğun olaraq 2022-ci ilin iyun ayında “Cənub-şərq” mədənində üstaçma və hasilat işlərinə başlanılıb. Ötən dövr ərzində “Cənub-şərq” mədəni üzrə 6.5 milyon ton üstaçma işi, 1.8 milyon ton filiz ehtiyatının toplanmasına nail olunub”.

Baş direktor onu da vurğulayıb ki, bununla belə, “Cənub-şərq” və “Şimal-qərb” mədənlərində iqtisadi səmərə ilə hasil ediləbilən mineral ehtiyatların yenidən artımına və istismar müddətinin 23-27 ilə çatdırılmasına nail olmaq üçün  müvafiq təhlillər aparılır:

“Bu məqsədlə həyata keçirilmiş buruqqazma işləri nəticəsində əldə edilmiş nümunələrin geokimyəvi analizi icra edilib. Növbəti addım olaraq artıma nail olmaq məqsədi ilə mineral ehtiyatların həcminin yenidən qiymətləndirilməsi və mədənlər üzrə yeni istismar planının hazırlanması üçün beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi nəzərdə tutulur. Həmçinin paralel olaraq daha 3 yataq – Cənub-qərb”, “Dəmirov” və “Dardərə” yataqlarında ilkin kəşfiyyat-tədqiqat işləri həyata keçirilir”.

Fuad Mədətov
Fins.az