SƏNAYE

18 Yanvar

Azərbaycanda təbii qaz hasilatı 3,8 faiz artıb

2023-cü ilin yekunlarına görə, Azərbaycan əmtəə qazının hasilatını 2022-ci illə müqayisədə 4,2 faiz artırıb.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il Azərbaycanda təbii qaz hasilatı 48,5 milyard kubmetr, o cümlədən, əmtəə qazının hasilatı 36,4 milyard kubmetr təşkil edib.

Təbii qaz hasilatı isə illik hesablamada 3,8 faiz artıb.

Xam neft, o cümlədən, əmtəə neftinin hasilatında isə bu müddət ərzində azalma müşahidə olunub.

Beləliklə, 2023-cü ildə Azərbaycanda kondensatla birlikdə 30,2 milyon ton xam neft hasil edilib ki, bunun təqribən 30,08 milyon tonu əmtəə neftinin payına düşüb. Bununla Azərbaycan kondensatla birlikdə xam neft hasilatını illik hesablamada 7,5 faiz azaldıb. Həmçinin, əmtəə neftinin hasilatı il ərzində 7,6 faiz azalıb.

Qeyd edək ki, Azərbaycanda neft hasilatının 65 faizdən çoxu "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun payına düşür.

2022-ci ildə Azərbaycanın sübut olunmuş neft ehtiyatlarının həcmi 2021-ci ildən sonra dəyişməz olaraq 7 milyard barel qiymətləndirilir.

Həmçinin, qeyd edək ki, Azərbaycan şelfdə mühüm qaz ehtiyatlarına malikdir. Qiymətləndirmələrə görə, nəhəng "Şahdəniz" yatağının öyrənilmiş ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensat təşkil edir

Bundan başqa, Azərbaycanın karbohidrogen yataqları arasında "Ümid-Babək" bloku da yer alır. İlkin məlumatlara əsasən, perspektiv “Babək” strukturunun ehtiyatları 400 milyard kubmetr qaz, 80 milyon ton kondensat həcmində qiymətləndirilir.

Digər perspektiv strukturlara gəlincə, "Şəfəq-Asiman" blokunun proqnoz ehtiyatları 500 milyard kubmetr qaz və 65 milyon ton kondensat təşkil edir. "Abşeron" yatağından isə birinci mərhələdə 1,5 milyard kubmetr qaz hasilatı planlaşdırılır.

Fuad Mədətov
Fins.az