SƏNAYE

03 İyul

Nüvə silahlarına yatırılan investisiya 82 milyard dolları keçib - SİYAHI

Nüvə tərksilahına dair müqavilənin 55-ci ildönümündə dünyada nüvə silahı ilə bağlı münaqişələr davam etsə də, nüvə silahlarına investisiya 82 milyard dolları keçib.

Fins.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa, Hindistan, Pakistan, İsrail və Şimali Koreya nüvə silahına malik ölkələr sırasındadır. Bu ölkələr arasında nüvə silahlarının sayına görə Rusiya, ABŞ və Çin dominant güc kimi görünür.

 “Statista” araşdırma şirkətinin məlumatına görə, dünyada 12500-dən çox nüvə başlığı olduğu halda, Rusiya 5889 nüvə başlığı ilə liderlik edir. Rusiyadan sonra 5244 döyüş başlığı ilə ABŞ və 410 nüvə başlığı ilə Çin gəlir. Hesablamalara görə, Fransanın 290, İngiltərənin 225, Pakistanın 170, Hindistanın 164, İsrailin 90, Şimali Koreyanın isə 20 nüvə başlığı var.

Nüvə Silahlarının Qadağan edilməsi və Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Təşəbbüs (ICAN) tərəfindən hazırlanan hesabatlarda 2019-2022-ci illərdə nüvə silahına sahib 9 ölkənin nüvə silahının inkişafı üçün etdiyi investisiyalar dərc edilib.

Məlumata görə, 2019-cu ildə dünya üzrə nüvə silahlarına investisiyalar 72,9 milyard dollar, 2020-ci ildə 72,6 milyard dollar, 2021-ci ildə 82,4 milyard dollar, 2022-ci ildə isə 82,9 milyard dollar təşkil edib. 4 il ərzində investisiyaların 10 milyard dollar artması diqqət çəkib.

Nüvə silahlarına ən çox sərmayə yatıran ABŞ-dır. ABŞ-dan sonra sıralamada Çin, Rusiya, İngiltərə, Fransa, Hindistan, İsrail, Pakistan və Şimali Koreya yer alır.

ABŞ 2019-cu ildə nüvə silahına 35,4 milyard dollar sərmayə qoyduğu halda, 2020-ci ildə 37,4 milyard dollar, 2021-ci ildə 44,2 milyard dollar və 2022-ci ildə 43,7 milyard dollar xərcləyib.

Çinin xərcləri 2019-cu ildə 10,4 milyard dollar təşkil edib, 2020-ci ildə 10,1 milyard dollara, 2021 və 2022-ci illərdə isə 11,7 milyard dollara yüksəlib.

Rusiya bu silahlara 2019-cu ildə 8,5 milyard dollar xərclədiyi halda, 2020-ci ildə 8 milyard, 2021-ci ildə 8,6 milyard, 2022-ci ildə 9,6 milyard dollar xərcləyib.

Böyük Britaniyanın 2019-cu ildə nüvə silahına 8,9 milyard dollar, 2020-ci ildə 6,2 milyard dollar, 2021 və 2022-ci illərdə 6,8 milyard dollar xərclədiyi görünür.

Fransa 2019-cu ildə nüvə silahlarına 4,8 milyard, 2020-ci ildə 5,7 milyard, 2021-ci ildə 5,9 milyard və 2022-ci ildə 5,6 milyard dollar sərmayə qoyub.

Hindistanın bu silahlar üçün büdcəsi 2019-cu ildə 2,3 milyard dollar olduğu halda, bu məbləğin 2020-ci ildə 2,48 milyard, 2021-ci ildə 2,3 milyard, 2022-ci ildə isə 2,7 milyard dollar olacağı müəyyən edilib.

İsrail nüvə silahının inkişafına 2019-cu ildə 1 milyard dollar, 2020-ci ildə, 1,1 milyard dollar, 2021 və 2022-ci illərdə isə 1,2 milyard dollar xərcləyib.

Pakistanın nüvə silahı investisiyaları 2019 və 2020-ci illərdə 1 milyard dollar olaraq təyin olunarkən, bu rəqəm 2021-ci ildə 1,1 milyard dollara yüksəlib, 2022-ci ildə yenidən 1 milyard dollara enib.

Nüvə silahı müzakirələrinin mərkəzində olan Şimali Koreyanın nüvə silahı investisiyalarının 2019-cu ildə 600 milyon dollar, 2020-ci ildə 667 milyon dollar, 2021-ci ildə 642 milyon dollar və 2022-ci ildə 589 milyon dollar olacağı təxmin edilir.

Fuad Mədətov
Fins.az