SƏNAYE

04 Noyabr

BP: AÇG blokundan neft hasilatı 137 quyudan həyata keçirilib

2022-ci ilin yanvar-sentyabr aylarında “Azəri-Çıraq-Günəşli” (AÇG) blokundan neft hasilatı 137 istismar quyusundan həyata keçirilib. Bu barədə “Fins.az"-a BP şirkətinin (“Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üzrə operator) mətbuat xidmətindən məlumat verilib.

“Yanvar-sentyabr ayları ərzində müqavilə blokunda 11 hasilat quyusu qazılıb. İyun ayının sonuna olan vəziyyətə görə, 137 neft hasilat quyusu, 33 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub”, - şirkətdən bildirilir.

AÇG blokunun işlənməyə başlandığı dövrdən etibarən ümumilikdə 4,2 milyard barel neft hasil edilib.

2022-ci ilin yanvar-sentyabr aylarında AÇG blokundan 114 milyon barelə yaxın neft (15 milyon ton) hasil edilib. Yanvar-sentyabr aylarında bu müqavilə sahəsindən neft hasilatı 9,5% azalıb.

“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi haqqında 2050-ci ilədək olan dövrü əhatə edən yeni müqavilə imzalanıb.