SƏNAYE

14 Oktyabr

FAO təxirəsalınmaz addımlar atmağa çağırır

“Bu gün dünyada sağlam qidaya sahib olmayan 3,1 milyard insan və aclıqla mübarizə aparan 828 milyon insan üçün bütün bacarıqlar səfərbər olunmalıdır”.

Bu çağırış BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) baş direktorunun köməkçisi və Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Vladimir Raxmaninin 16 oktyabr - Ümumdünya Qida Günü ilə bağlı müraciətində yer alıb.

FAO rəsmisi birlikdə çalışıb səyləri biləşdirərək, dünya miqyasında, eləcə də Avropa və Mərkəzi Asiyada insan tələfatına səbəb olan və uşaqların sağlam gələcəyini riskə atan aclığa və qida çatışmazlığına son qoymaq üçün gecikmədən addımlar atmağa çağırıb.

“Dünya son iki ildə bir çox sayda insanın təsirlənməsi ilə nəticələnən qlobal böhranlarla üzləşib. COVID-19 pandemiyası, qida istehsalına təsir edən ekstremal hava hadisələri, ərzaq və enerji məhsullarının qiymətlərinin artması və münaqişələr Avropa və Mərkəzi Asiya regionuna da təsir edib. Aclıq və qida çatışmazlığı artmaqda davam edir və bununla da daha çox insan yoxsulluğa düçar olur. İndi, hər zamankından daha çox, hər kəs üçün, hər yerdə yeni bir ümid yaratmaq üçün birlikdə çalışmağın vaxtıdır”, - Vladimir Raxmanin qeyd edib.

FAO rəsmisi hər kəsin hər zaman təhlükəsiz, əlverişli və sağlam qidaya çıxışının olmasını təmin etmək üçün tədbirlər görməyə çağırıb. Onun fikrincə, Avropa və Mərkəzi Asiyada aqro-ərzaq sistemlərinin davamlı inkişafında baş verən ictimai-siyasi keçidlər olduqca böyük təsirə malikdir.

“Regionda FAO daha dayanıqlı aqro-ərzaq sistemlərinin yaradılması üçün milli və regional ticarət siyasətlərinin inkişafına dəstək verir. Amma bu məqsədə çatmaq üçün biz qlobal cəmiyyət kimi birgə hərəkət etməliyik. Biz aclıq, qida çatışmazlığı, ərzaq təhlükəsizliyi və qıtlıq riskinin mövcud olduğu ölkələrə dəstək olmalı, onlara ərzaq sistemlərinin inkişaf etdirilməsinə kömək etməli, humanitar müraciətləri maliyyələşdirməli və dayanıqlığı artırmalıyıq. Yerli qida istehsalının artırılmasına, təbii sərvətlərin qorunmasına, yerli ənənələrin və mədəni əhəmiyyətli torpaqların və aqro-ekosistemlərin tanıdılmasına daha çox üstünlük verilməlidir”, - deyə Vladimir Raxmanin əlavə edib.

O, həmçinin kənd təsərrüfatı sistemlərinə sərmayə qoymaqla ən həssas təbəqələri, o cümlədən kiçik sahibkarları gücləndirməyə çağırıb. Vladimir Raxmaninin fikrincə, bu, kiçik sahibkarları dəyişikliyin əsas hissəsinə çevirərək, praktiki təlimlərə, elmə, məlumatlara, texnologiyaya və innovasiyalara birbaşa çıxışın təmin olunmasına gətirib çıxaracaq.

“Kənd təsərrüfatının innovasiyası və rəqəmsallaşdırılması kiçik fermerlərə hava, torpaq şəraiti, suvarma, daşqın kimi hadisələrdən sonra sığorta ilə bərpa, zərərvericilərə qarşı mübarizə kimi vacib məlumatlara çıxış imkanı verməklə kiçik fermerlərin dolanışıqlarını yaxşılaşdıra və daha da sürətləndirə bilər”, - deyə FAO rəsmisi bildirib.

(c)Vergiler