SƏNAYE

04 Avqust

Azəri-Çıraq-Günəşlidən hasilat azalmaqda davam edir

Azəri-Çıraq-Günəşli (AÇG) yatağından hasilat 1 milyon ton azalıb.

"Fins.az" "bp Azərbaycan"ın hesabatına istinadən xəbər verir ki, 2022-ci ilin birinci yarısında  AÇG-dən ümumi hasilat – Çıraq (25 000), Mərkəzi Azəri (108 000), Qərbi Azəri (109 000), Şərqi Azəri (62 000), Dərinsulu Günəşli (78 000) və Qərbi Çıraq (42 000) platformalarından birlikdə – gündə orta hesabla 424 000 barel və ya ümumilikdə təxminən 77 milyon barel, yəni 10 milyon ton olub. Rübün sonunda AÇG-də ümumilikdə 136 neft hasilat quyusu, 37 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.

Xatırladaq ki, 2021-ci ilin birinci yarısında  AÇG-dən ümumi hasilat – Çıraq (30 000), Mərkəzi Azəri (111 000), Qərbi Azəri (118 000), Şərqi Azəri (78 000), Dərinsulu Günəşli (88 000) və Qərbi Çıraq (43 000) platformalarından birlikdə – gündə orta hesabla 468 000 barel və ya ümumilikdə təxminən 85 milyon barel, yəni 11 milyon ton olmuşdu. İkinci rübün sonunda AÇG-də ümumilikdə 131 neft hasilat quyusu, 44 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.

Qeyd edilib ki, AÇG-nin illik iş proqramının bir hissəsi olaraq ikinci rübdə Şərqi Azəri platformasında planlaşdırılmış profilaktik işlər proqramı həyata keçirilib. Plana əsasən Şərqi Azəri platformasından hasilat təxminən 15 gün ərzində dayandırılmışdı ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan uzun müddət istismar qabiliyyətini davam etdirə bilməsi məqsədilə aparılan bu proqram tam təhlükəsiz şəkildə və vaxtında başa çatdırılıb.