SƏNAYE

26 İyul

Petkov: Azərbaycan Bolqarıstana qaz tədarükünü ikiqat artıra bilər, lakin infrastruktur məsələsini həll etmək lazımdır

Azərbaycan Bolqarıstana qaz tədarükünü 0,5-1 milyard kubmetr artırmağa hazırdır, lakin bunun üçün infrastruktur həllini tapmaq lazımdır, -deyə Bolqarıstanın baş naziri Kiril Petkov bildirib.

"Fins.az" xəbər verir ki, “Azərbaycan Bolqarıstana artıq razılaşdırılmış 1 milyard kubmetr həcmə əlavə olaraq ildə 500 milyon kubmetrdən 1 milyard kubmetrədək təbii qaz tədarük etməyə hazırdır. Bununla belə, biz hələ də bu qazı Bolqarıstana çatdırmağın yolunu tapmalıyıq (...). Biz bunun üzərində işləyirik. Yaxşı xəbər odur ki, qazımız var, lakin biz infrastruktur həllini tapmalıyıq,”-deyə  Petkov Bolqarıstanın özəl televiziya şirkəti olan Nova TV-yə deyib.

Kiril Petkov ötən həftə Bakıda Azərbaycan hakimiyyəti ilə Bolqarıstana qaz nəqlinin artırılması məsələsi ilə bağlı danışıqlar aparıb. Bolqarıstan hazırda Azərbaycandan qaz alan 3 Aİ ölkəsindən biridir.

Bundan əvvəl Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, 2022-ci ildə Bolqarıstana qaz tədarükünün həcmi 600 milyon kubmetr təşkil edəcək (2022-ci ilin birinci yarısı üçün - 160 milyon kubmetr).