SƏNAYE

19 İyul

Fransa və BƏƏ arasında enerji sahəsində əməkdaşlıq sazişi

Bildirilib ki, Fransa ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında enerji sahəsində hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalanıb.
"Fins.az" xəbər verir ki, Fransa İqtisadiyyat Nazirliyindən verilən açıqlamada enerji sahəsində strateji tərəfdaşlıq sazişinin BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanın Parisə rəsmi səfəri çərçivəsində imzalandığı bildirilib.

Bəyanatda, sazişin iki ölkənin hidrogen, bərpa olunan enerji və nüvə enerjisi sahələrində birgə investisiya layihələrinin müəyyənləşdirilməsi məqsədi daşıdığı, yaşıl layihələrin maliyyələşdirilməsi üçün birgə fondun yaradılması imkanının qeyd edildiyi bildirilib. 

Bu arada Fransa prezidenti Emmanuel Makron BƏƏ prezidenti Əl Nəhyanı Yelisey sarayında qəbul edib və həmkarına ölkənin ən yüksək fəxri adı olan Legion d'Honneur ordenini təqdim edib.

BƏƏ ötən ilin dekabrında 14 milyard avroya Fransadan 80 ədəd “Rafale” qırıcı təyyarəsi almağa dair müqavilə imzalayıb.

Müəllif:Aynur Qəniyeva