Siyasət

27 İyun

G7 ölkələri Rusiya qızılının idxalına qadağa qoyacaq

İyunun 26-da Rusiya qızılının idxalına qadağa qoyulmasını ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Boris Conson elan ediblər. Boris Conson sanksiyaların nəticələrindən yayınmağın yollarını axtaran rus “oliqarxları” arasında qızıla tələbat olduğunu göstərib. Bayden qeyd edib ki, qızıl ixracı Rusiyaya "on milyardlarla dollar" gətirir, xaricə metal satışı ixracın böyük payını təşkil edir. “Biz Putin rejimini maliyyədən məhrum etməliyik. Böyük Britaniya və müttəfiqlərimiz məhz bunu edirlər”, - Britaniyanın baş naziri bildirib.

Qadağa yeni metal hasilatına şamil ediləcək, bu, əvvəllər Rusiyadan ixrac edilən qızıla təsir etməyəcək. London əmin edib ki, tədbirlər görülməzdən əvvəl qanuni yolla əldə edilmiş Rusiya qızılına qarşı sanksiyaları genişləndirmək planları yoxdur.

Avropa Şurası Rusiya mənşəli qızılın idxalını qadağan edən G7-yə qoşulma imkanlarını nəzərdən keçirməyə hazırdır, lakin bu qadağalar heç bir halda Aİ iqtisadiyyatına zərər vurmamalıdır. Bunu Bavariyanın Elmau qəsrində keçirilən G7 sammiti zamanı mətbuat konfransında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel deyib.