“Artıq vətəndaşlar evdə oturaraq “Azərişıq” ASC-nin bir sıra yeni xidmətlərindən istifadə edə biləcəklər. Bura abonentin geniş tarixçəsinin verilməsi, əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması, əhali istehlakçısının ad dəyişdirməsi, enerji haqlarının internet vasitəsilə ödənilməsi, qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması xidmətləri daxildir”.
“Fins.az” xəbər verir ki, bunu “Azərişıq” ASC-nin İnformasiya Texnologiyaları Depatamentinin direktoru Qalib Həmidov deyib.
O qeyd edib ki, abonentlər olduğu məkanı tərk etmədən elektron xidmətlərə əlçatanlıq əldə edir: “Hazırda elektron xidmətlər portalında 6-ya yaxın xidmət göstərilir. Bununla yanaşı, 5 elektron xidmət yaradılıb və bu ayın sonunadək əhaliyə təqdim olunacaq.
Abonentlərimizin 70-80 faizi bu xidmətdən istifadə edir. Abonent gündəlik sərf etdiyi elektrik enerjisini, aylıq, illik sərfiyyatını görə bilir. Artıq bundan sonra abonentlər kütləvi şəkildə müqavilə bağlamaq üçün idarəyə axın etməyəcək, elektron qaydada müqaviləni təsdiqləyə biləcəklər. Həmçinin abonentin borcunun olub-olmaması ilə bağlı arayışı da şəxsi kabinetlərindən əldə edə biləcəklər”.