SƏNAYE

03 İyun

BNEZ 2022-ci ilin III rübündə “Avro-5” standartına uyğun dizel yanacağı istehsalına başlayacaq

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) modernləşdirilməsi və yenidən qurulması layihəsinin 2027-ci ildə tam şəkildə başa çatdırılması planlaşdırılır.

Bunu “SOCAR Downstream” şirkətinin direktor müavini Emil Alxaslı deyib.

“Hazırda layihə çərçivəsində qurğuların işə salınması mərhələsindəyik. İlk növbədə, dizel yanacağının və benzinin təmizlənməsi üçün hidrogen qurğusu işə salınacaq, digər qurğuların işə salınması və istismarı üzərində işlər davam edir və bu proses gələn ilin ortalarınadək başa çatacaq. Bu ilin üçüncü rübündə zavodda “Avro-5” standartına uyğun olan dizel yanacağı, 2023-cü ilin iyun-iyul aylarında benzin istehsalına başlanılacaq”, - deyə o, bu gün Bakı Enerji Forumunda çıxışı zamanı bildirib.

E.Alxaslı qeyd edib ki, BNEZ-in modernləşdirilməsi və yenidən qurulması layihəsinin birinci mərhələsi 2023-cü ilin dekabr ayında bitəcək.

“2023-cü ildə layihənin növbəti mərhələsi üzrə yekun investisiya qərarının qəbul edilməsi planlaşdırılır. Bu mərhələyə mövcud konfiqurasiyaların (köhnə əsas qurğuların) dayanıqlı işinin təmin edilməsi daxildir”, - deyə o bildirib.

E.Alxaslının sözlərinə görə, SOCAR zavodda yeni qurğuların tikintisi hesabına 4 ildən bir müəssisəni planlı təmirə dayandırmağı planlaşdırır.

““Avro-5” standartına uyğun benzinə gəlincə, zavodda 2 milyon ton avtomobil benzini istehsal ediləcək. Bu həcmlərin 60%-i AI-92 markalı benzinin, 40%-i isə AI-95 markalı benzinin payına düşəcək”, - deyə direktor müavini əlavə edib.

O deyib ki, BNEZ-in illik emal gücü 6,5 milyon ton təşkil edir. Layihənin nəticəsində zavod Xəzər regionu ölkələrinin bütün neft növlərini emal edə biləcək. Layihənin 2027-ci ildə tam başa çatdırılması planlaşdırılır.

E.Alxaslı vurğulayıb ki, layihənin həyata keçirilməsi sayəsində BNEZ ölkənin benzin və dizelə olan tələbatını 2040-cı ilədək ödəyə biləcək. Artıq qalan yanacaq həcmləri isə ixraca yönəldiləcək.

SOCAR 2022-ci ildə BNEZ-in yenidən qurulması və modernləşdirilməsi üzrə işlər çərçivəsində dövlət büdcəsindən 214 milyon manat (təxminən $126 milyon) alacaq.

Modernləşdirilmə işlərindən sonra BNEZ-də illik 2,2 milyon ton avtomobil benzini (hazırda 1,2 milyon ton təşkil edir), 2,9 milyon ton dizel yanacağı (hazırda 1,9 milyon ton), 1 milyon ton reaktiv yanacaq (hazırda 600 min ton) və 390 min ton neft-kimya məhsulları (hazırda 112 min ton) istehsal olunacaq.

Layihə $2,2 milyard məbləğində qiymətləndirilib.

(c)İnterfax Azerbaycan