SƏNAYE

02 İyun

Türkiyənin neft idxalı 14% artıb

Türkiyənin bu ilin mart ayında neft və neft məhsulları idxalı ötən ilin eyni ayı ilə müqayisədə 14,3% artaraq 3 milyon 868 min 259 tona çatıb.

Bu barədə Enerji Bazarını Tənzimləmə Qurumunun hesabatında qeyd edilib.

Məlumata görə, Türkiyənin ümumi neft məhsullarının idxalında ən böyük paya malik olan xam neft idxalı 11,2% artaraq 2 milyon 668 min 276 ton olub. Bu dövrdə dizel növlərinin idxalı 1,4% azalaraq 772 min 44 ton olub. İdxalın qalan hissəsini aviasiya, dəniz yanacağı, benzin və mazut növləri təşkil edib.

Hesabat dövründə Türkiyə ən çox xam neft və neft məhsullarını 1 milyon 256 min ton ilə İraqdan, 974 min 881 ton ilə Rusiyadan və 586 min 434 ton ilə Qazaxıstandan idxal edib.