SƏNAYE

23 May

Səudiyyə Ərəbistanından OPEC+ və Rusiya AÇIQLAMASI

Səudiyyə Ərəbistanı sanksiya təzyiqinə baxmayaraq, OPEC+ ilə Rusiyanın da daxil olacağı razılaşma təmin etməyə ümid edir.

"Fins.az" xəbər verir ki, bunu bazar günü Financial Times-a müsahibəsində Krallığın energetika naziri şahzadə Əbdüləziz bin Salman Əl Səud deyib.

Nəşrin yazdığına görə, Ər-Riyad “OPEC+ ilə, Rusiyanı da əhatə edəcək saziş hazırlamağa” ümid edir. Eyni zamanda, nazir vurğulayıb ki, dünya istehsalçıların belə birliyinin əhəmiyyətini yüksək qiymətləndirməlidir.

Nazir qeyd edib ki, hazırkı şəraitdə bazarlarda hökm sürən ümumi qeyri-müəyyənliyi nəzərə alaraq yeni sazişin dəqiq necə ola biləcəyi barədə danışmaq hələ tezdir, lakin əlavə edib ki, “əgər tələbat olarsa” OPEC+ hasilatı artıra bilər.

“Son üç ildə bütün dünyada neft emalı zavodları gücünü təxminən 4 milyon barel itirib ki, bunun da 2,7 milyonu yalnız koronavirusun başlaması ilə baş verib”, - deyə o, yanacağın bahalaşmasını şərh edərək əlavə edib.  

Energetika naziri qeyd edib ki, siyasət OPEC+-dan ayrılmalıdır və alyans gələcəkdə koronavirus məhdudiyyətləri və təchizat zənciri problemləri kimi qlobal çağırışlarla bağlı qeyri-müəyyənlik fonunda “nizamlı düzəlişlər” etmək üçün lazım olacaq.