SƏNAYE

20 May

“Ümid-1 Stasionar Dəniz Özülündə 20 düyməlik  sualtı kəmərin çəkilməsi hansı mərhələdədir?

İlkin hesablamalara görə Xəzər dənizində yerləşən Ümid qaz yatağının ümumi ehtiyatı 200 mlrd. m3 qaz və 40 mln. m3 kondensat həcmindədir.

"Fins.az" xəbər verir ki,yataqdan cari nəql xətlərində məhdudiyyətləri nəzərə alaraq, gündəlik 3 mln m3 qaz və 470 ton (3600 barel) kondensat hasil olunur və SOCAR-ın texnoloji sistemi ilə Daşgil terminalına nəql etdirilir. “Ümid-1 Stasionar Dəniz Özülündə (SDÖ)-dən hasilatın sürətləndirilməsi” layihəsi reallaşdırıldıqdan sonra  gündəlik təhlükəsiz qaz hasilatının 8.1 mln. m³-ə, kondensat hasilatının isə 1200 tona (9000 barel) qədər artırılması nəzərdə tutulub.

2019-cu ildən etibarən həyata keçirilən və “Umid Babek Operating Company” əməliyyat şirkətinin (UBOC) ölkəmizdəki filialı tərəfindən reallaşdırılan  bu layihə üzrə dənizdən quruya doğru Ümid yatağından Səngəçal Baş Qurğularına (SBQ) qədər təqribən 100 km məsafəni əhatə edən böyük ərazidə çox mühüm mərhələnin bir hissəsi uğurla yekunlaşıb.

“Ümid-1 SDÖ-dən hasilatın sürətləndirilməsi” layihəsi çərçivəsində hər biri ayrılıqda böyük əhəmiyyət kəsb edən önəmli işlər görülür. Belə ki, Ümid-1 SDÖ-də aparılan yenidənqurma, uzunluğu 54 km olan 20 düyməlik (500 mm-lik) sualtı nəql xəttinin və onun quruda olan təqribən 3.7 km hissəsinin çəkilməsi, Daşgil-2 terminalından qaz nəql xəttinin tikintisi, Səngəçal Baş Qurğularında (SBQ) SOCAR-ın qaz nəql sisteminə birləşmə məntəqəsi üzrə işlər qrafikə uyğun olaraq davam etdirilir. Hazırda “Ümid-1” SDÖ-də və quruda aparılan işlər son tamamlanma mərhələsindədir.

“Ümid-1” SDÖ-dən qazın sahilə çatdırılması üçün nəql xəttinin sualtı hissəsinin tikintisinə bu ilin aprel ayında “İsrafil Hüseynov” borudüzən gəmisi vasitəsilə başlanılıb. Layihənin ən çətin hədəflərindən biri olan quruya yaxın yerləşən 2.1 km-lik boru xəttinin çəkilməsi artıq tamamlanıb.

Bu hədəfə çatmaq üçün UBOC-un peşəkar layihə idarəetmə heyəti podratçı BOSS PİC şirkətinin əməkdaşları ilə birgə bütün çətinliklərin öhdəsindən uğurla gəlib. Qısa müddət ərzində uzunluğu təqribən 2.2 km, eni 15 m olan qoruyucu torpaq bənd (damba) inşa olunub.

 Layihə işlərində müvafiq dövlət qurumları, yerli və beynəlxalq subpodratçılar (SOCAR-ın “Neftqaztikinti” tresti, SOCAR Dalğıc,  Wood Group, Jan De Nul, Saipem, Oceaneering) iştirak ediblər. Artıq işlərin növbəti mərhələsinə start verilib və “Ümid-1” SDÖ-dən sürətləndirilmiş hasilatın ölkənin ümumi qaz təchizatı şəbəkəsinə qoşulmasının uğurla başa çatdırılması gözlənilir.