SƏNAYE

13 May

Qazprom-un bəzi qaz şirkətlərinə sanksiya ilə bağlı qərar

Rusiyanın enerji şirkəti “Qazprom” Rusiya qazını Avropaya daşıyan Yamal-Avropa kəmərinin Polşa hissəsindən artıq istifadə etməyəcəyini açıqlayıb.
"Fiins.az" xəbər verir ki, “Qazprom”un nümayəndəsi Sergey Kupriyanov verdiyi yazılı açıqlamada Rusiya hökumətinin müxtəlif xarici şirkətlərə, o cümlədən Polşa şirkəti EuRoPol GAZ-a qarşı sanksiyalar tətbiq etmək qərarına gəldiyini xatırladıb.

EuRoPol GAZ-ın Rusiya qazını Avropaya daşıyan Yamal-Avropa boru kəmərinin Polşa hissəsinin sahibi olduğuna işarə edən Kupriyanov, sanksiyalara görə, Rusiya qazının artıq EuRoPol GAZ-a məxsus xətt vasitəsilə daşınmayacağını bildirib.

Kupriyanov qeyd edib ki, Polşa “EuRoPol GAZ”ın səhmdarı kimi “Qazprom”un hüquqlarını dəfələrlə pozub, həmçinin “Qazprom”a qarşı sanksiyalar tətbiq edib.

Yamal-Avropa kəməri Rusiya qazını Avropaya daşıyan mühüm xətlərdən biri kimi, həmçinin Ukraynadakı boru kəmərləri və “Şimal axını” boru kəməri kimi tanınır. Rusiya hissəsi Qazprom-a, Polşa hissəsi isə EuRoPol GAZ-a məxsus və idarə olunan Yamal-Avropa qaz kəmərinin illik ötürmə qabiliyyəti 33 milyard kubmetrdir.