SƏNAYE

20 Aprel

Bakıda "Enerji Həftəsi" keçiriləcək

2022-ci il iyunun 1-dən 3-dək Azərbaycanda Bakı Enerji Həftəsi keçiriləcək.

“Iteca Caspian”dan "Fins.az"a verilən məlumata görə, xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunan Bakı Enerji Həftəsi 27-ci Beynəlxalq “Xəzər Neft və Qaz” Sərgisini, 10-cu Yubiley Xəzər Beynəlxalq “Energetika və Bərpa Olunan Enerji” Sərgisini, eləcə də “Xəzər Neft və Qaz” konfransının davamçısı olan Bakı Enerji Forumunu bir araya gətirir.

Tədbirlər Azərbaycan Respublikası Energetika Nazirliyi və SOCAR-ın rəsmi dəstəyi ilə keçirilir. Tədbirlərin təşkilatçıları “Iteca Caspian” və onun beynəlxalq tərəfdaşlarıdır.

“Xəzər Neft və Qaz” sərgisi Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi tarixdən bəri keçirilən ilk sərgidir. Bu il ənənəvi “Xəzər Neft və Qaz” sərgisi növbəti dəfə dünyanın müxtəlif ölkələrindən 250-dən çox şirkət arasından energetika sənayesinin liderlərini bir araya gətirəcək. İştirakçıların siyahısında Almaniya, ABŞ, Azərbaycan, Belarus, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, Hindistan, İsveçrə, İtaliya, MDB ölkələri, Norveç, Rumıniya, Rusiya Federasiyası, Türkiyə, Xorvatiya və Yaponiyanın şirkətləri daxildir.

Bu il Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji Sərgisi “Caspian Power” 10 illik yubileyini qeyd edir.

Sərgi iştirakçıları sırasında Azərbaycan, Belarus, Böyük Britaniya, İtaliya, Rusiya Federasiyası, Türkiyə və digər ölkələrin aparıcı şirkətləri var. Sərgi əsasən enerji və elektrotexnika, alternativ və bərpa olunan enerji mənbələri, kabel və məftil məhsulları və işıqlandırmaya yönəlir.

Sərgiyə həmçinin iyunun 1-dən 3-dək Bakı Ekspo Mərkəzində keçiriləcək əlavə tədbirlərin intensiv gündəliyi daxildir.

Qeyd etmək lazımdır ki, iyunun 2-dən 3-dək Bakı Konqres Mərkəzində Bakı Enerji Forumu da keçiriləcək.