SƏNAYE

20 Aprel

"AzerGold" QSC istehsalat proseslərini optimallaşdırıb

"AzerGold" Qapalı Səhmdar Cəmiyyəti (QSC) mineral-xammal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və istehsalat proseslərinin optimallaşdırılması istiqamətində fəaliyyətini uğurla davam etdirir.

Xatırladaq ki, QSC 2017-ci ildə "Çovdar" yatağında istismar işlərinə başlayarkən mədənin oksidləşmiş filizlərinin iqtisadi cəhətdən səmərəli qızıl həcmi 212 min unsiya miqdarında təsdiqlənmiş, hasilat işlərinin 2020-ci ildə yekunlaşacağı hesablanmışdır. "AzerGold" QSC tərəfindən ötən dövr ərzində beynəlxalq məsləhətçi şirkətlər cəlb edilərək müasir texnoloji yeniliklərin tətbiqi ilə aparılmış planlı geoloji kəşfiyyat və buruqqazma işləri nəticəsində sözügedən yatağın üst qatlarında yerləşən oksidləşmiş filiz həcmlərinin artırılması, üstəlik yerin daha dərin qatlarındakı tranzit və sulfid filizlərinin emalı satıla biləcək qızıl ehtiyatlarını artırmağa imkan yaratmışdır.

Bundan əlavə, "Çovdar" mədəninin yaxınlığında yerləşən və müstəqil şəkildə iqtisadi səmərəsizlik riski daşıyan nisbətən kiçik, cinah yataqların ardıcıl istismara cəlb edilməsi "Çovdar" mədəninin bazasında yaradılmış Çovdar İnteqrəedilmiş Regional Emal Sahəsinin (ÇİRES) ümumi ehtiyatlarını artırmışdır. Beləliklə, sahənin istismar müddəti 2020-ci ildən 2028-ci ilədək uzadılmaqla fəaliyyət dövrü 8 il, ümumi ehtiyatları isə ilkin hesablanan 212 min unsiyaya əlavə olaraq, 519,9 min unsiya artırılaraq 731,9 min unsiyaya çatdırılmışdır. Hazırda müvafiq kəşfiyyat və tədqiqat işlərinin davam etdirildiyi nəzərə alınaraq sözügedən həcmlərin daha da artırılması istisna olunmur.

Sadalanan göstəricilərə nail olunması üçün ÇİRES-də mövcud qırıcı və konveyer xəttinin optimizasiyası nəticəsində keçirmə qabiliyyəti təkmilləşdirilmiş, xətlərin mövcud istehsal imkanları 50 faizədək artırılmışdır. Hazırda topaaşındırma üsulu ilə işləyən emal zavodu ilə yanaşı, tranzit və sulfid filizlərinin emalı üçün çən aşındırma (CİL) üsulu ilə fəaliyyət göstərəcək yeni emal zavodunun tikintisi də sürətlə davam etdirilir. Tikinti layihəsinin idarəedilməsi və keyfiyyətə nəzarət məqsədilə Cənubi Koreyanın "Heerim Architects Planners Co" məsləhətçi şirkəti, zavodun və müvafiq infrastrukturun qurulması üzrə isə "Maqro Construction" beynəlxalq tikinti şirkəti tərəfindən müvafiq işlər görülür.

Sözügedən təkmilləşdirmə işləri çərçivəsində cari ilin birinci rübündə 10592 unsiya qızıl istehsal edilmişdir. Bu göstəricinin ötən ilin müvafiq dövrü ilə müqayisədə nisbətən az olmasına baxmayaraq, dayanıqlı hasilatın təmin edilməsi məqsədilə aparılmış optimizasiya işləri hasilatın həm cari, həm də ötən ilin illik planından daha artıq icrasına, sözügedən sahənin fəaliyyət dövrünün 8 il artırılması isə bölgədə davamlı məşğulluğun təmin edilməsinə və yeni iş yerlərinin açılmasına səbəb olacaqdır.