SƏNAYE

19 Aprel

Neft Fondu "Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 2,2 milyon manat yönəldib

2022-ci il aprelin 1-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri yanvar-mart aylarında 0,53% - 45 milyard 264 milyon dollra qədər artıb.

"Fins.az"xəbər verir ki, bu barədə ARDNF-nin 2022-ci ilin yanvar-mart ayları üzrə gəlir və xərclərinə dair məlumatında bildilir. 

Yüksələn enerji qiymətləri neft və qaz satışlarından əldə olunan gəlirlərdə artım ilə nəticələnib ki, bu da öz növbəsində, aktivlərin həcminin yüksəlməsinin başlıca səbəbi olub.

“Cari ilin ilk rübündəki qlobal makroiqtisadi və geosiyasi vəziyyət maliyyə bazarlarında dalğalanmaları şərtləndirmişdir. Belə ki, dünyanın aparıcı iqtisadiyyatlarında yavaşlama təhdidlərinin qabarıqlaşması, son onilliklərin ən yüksək qlobal inflyasiyası və bunun fonunda aparılan monetar siyasətlərin nəticələri barədə tərəddüdlər eləcə də, post pandemiya və geosiyasi hadisələrin tələb/təklif zəncirinə yaratdığı əlavə təzyiqlər maliyyə bazarlarının başlıca qeyri-müəyyənliklərindəndir. Maliyyə bazarlarında müşahidə edilən hazırki qeyri-ənənəvi vəziyyət nəticə etibarilə həm qlobal istiqraz bazarları, həm də səhm indekslərində müvafiq enmələrə səbəb olmuşdur ki, bu da ARDNF-in investisiya portfelinə təsirsiz ötüşməmişdir”, - deyə məlumatda bildirilir.

2022-ci ilin yanvar-mart ayları ərzində ARDNF-in büdcə gəlirləri 2 milyard 955,9 milyon manat, mənfəət neftinin və qazın satışından gəlirləri 3 milyard 845,6 milyon manat, tranzit gəlirləri 5,8 milyon manat, bonus ödənişləri 765,3 milyon manat təşkil edib.

Hesabat dövründə fondun aktivlərinin idarə olunmasından əldə edilən gəlirlər 714 milyon manata bərabər olub ki, bu da ümumi gəlirlərin 22,44%-ni təşkil edir.

“Beləliklə, qeyd edilən dövrdə ARDNF-in 2022-ci il büdcəsinin Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər maddəsi üzrə daxilolmalar illik proqnoza nisbətən təqribən 45% səviyyəsində icra edilib”, - deyə məlumatda qeyd olunur.

Ötən rüb ərzində ARDNF-in aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı qısamüddətli bazar dəyəri dəyişkənliyindən yaranan mənfi fərq 1 milyard 660,8 milyon manat olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan büdcədənkənar gəlir 214,3 milyon manat təşkil edib.

2022-ci ilin yanvar-mart ayları ərzində ARDNF-in büdcə xərcləri 2 milyard 764,5 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində ARDNF-in 2022-ci il büdcəsinin icrası çərçivəsində 2 milyard 757 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 2,2 milyon manat yönəldilib, ARDNF-in idarə edilməsi ilə bağlı xərclər 5,3 milyon manat təşkil edib.

ARDNF-də neft müqavilələrinin reallaşdırılmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.