Siyasət

14 Aprel

Azərbaycanda fındıqdan kömür istehsal edilə bilər

Azərbaycanda fındıq emalında yaranan əlavə məhsullar kömür istehsalı üçün istifadə oluna bilər.

Bunu, "Agrarco" MMC-nin Baş İcraçı direktoru Cavid Kazımov deyib. Onun sözlərinə görə, hazırda bu layihə üzərində beynəlxalq tərəfdaşlarla danışıqlar aparılır.

"Fındıq istehsalı zamanı onun (gərzeyi) əlavə məhsulu yaranır. Hazırda fındıq qabığı həm təsərrüfatda istifadə olunur, həm də sakinlər onları yandıraraq evlərini qızdırır. Biz istərdik ki, bu məhsul üzərindən işlərimizi daha da təkmilləşdirək, müəyyən istehsallar quraq. Hansı ki, həmin fındıq qabığını biz daha dəyər verən məhsullara çevirək. Bunlardan ilk ortaya çıxan məhsul kömürdür, amma sonrakı mərhələlərdə həm gübrə, həm də aktivləşdirilmiş kömür istehsal oluna bilər. Hazırda biz bu layihə üzərində işləyirik və beynəlxalq tərəfdaşlarla danışıqlar aparırıq. İnanırıq ki, yaxın zamanlarda bu layihənin icrasına nail ola biləcəyik",- deyə Cavid Kazımov qeyd edib.

(C)APA