SƏNAYE

08 Aprel

Azərbaycan və İsrail arasında energetika əməkdaşlıq müzakirə olunub

Aprelin 8-də xarici işlər naziri Ceyhun Bayramov İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozov ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

“C.Bayramov aprelin 7-də Təl-Əvivdə baş vermiş terror aktı ilə bağlı başsağlığını çatdırıb, terrordan əziyyət çəkən ölkə kimi Azərbaycanın terrorçuluğun bütün forma və təzahürlərini qətiyyətlə qınadığını bildirib”, - deyə məlumatda qeyd olunur.

Öz növbəsində, Y.Razvozov iki ölkə arasında son 30 ildə bir çox istiqamətlərdə inkişaf edən dostluq və əməkdaşlıq münasibətlərini, bu əlaqələrin daha da genişlənməsi potensialını vurğulayıb. O, İsrailin Azərbaycanın ərazi bütövlüyünə hər zaman olan dəstəyini bir daha ifadə edib.

“Tərəflər iki ölkə arasında münasibətlərin bir sıra sahələrdə, o cümlədən energetika, təhsil, yüksək texnologiyalar, hərbi-texniki, turizm və digər istiqamətlərdə inkişafı perspektivləri ətrafında fikir mübadiləsi aparıblar”, - deyə məlumatda bildirilir.

C.Bayramov qarşı tərəfə bölgədə mövcud olan postmünaqişə vəziyyəti, o cümlədən ərazilərin minalardan təmizlənməsi, bərpa və yenidənqurma işləri barədə məlumat verib, İsrail şirkətlərinin bu prosesdə iştirakını məmnunluqla vurğulayıb.

Görüş zamanı qarşılıqlı səfərlərin davamlılığının, habelə iki ölkə XİN-ləri arasında siyasi məsləhətləşmələrin davamlı həyata keçirilməsinin vacibliyi qeyd edilib