SƏNAYE

08 Aprel

SOCAR: 2021-ci ildə STAR NEZ-in gəlirləri - 44% ARTIB

2021-ci ildə STAR neft emalı zavodunun gəlirləri $6,14 milyard təşkil edib.

"Fins.az" xəbər verir ki, “STAR NEZ-in gəlirləri ildən-ilə artır. 2021-ci ildə zavodun ümumi gəlirləri 44% artaraq $6,14 milyard təşkil edib”, - deyə SOCAR-ın rəsmi Facebook səhifəsində məlumat verilib.

Gəlirlərin 64%-i Türkiyədaxili bazarda satışlardan əldə edilib, 36%-i isə beynəlxalq bazarların payına düşüb.

“Zavodun məhsullarını idxal edən əsas ölkələrin ilk beşliyinə Yunanıstan, Livan, İtaliya, Belçika və Hollandiya daxildir. STAR-ın Türkiyədə dizel yanacağı üzrə bazar payı 17,5%, reaktiv yanacaq üzrə 12,6%, LPG üzrə 5,1%-dir”, - deyə məlumatda bildirilir.

19 oktyabr 2018-ci il tarixində STAR NEZ-in işə salınması mərasimi keçirilib. Zavod “Azeri Light”, “Kərkük” və “Urals” kimi neft markalarının emalı üçün nəzərdə tutulub. Zavodda illik 1,6 milyon ton nafta, 1,6 milyon ton reaktiv yanacaq, 4,8 milyon ton ultra aşağı kükürd tərkibli dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilol, 480 min ton reformat və 160 min ton kükürd istehsalı nəzərdə tutulur.

STAR neft emalı zavodunun illik gücü 11 milyon ton neftdir. Zavodun tikintisi “Petkim” neft-kimya kompleksini xammalla təmin etməyə və SOCAR-ın dizel yanacağı, aviasiya kerosini, eləcə də kimya sənayesi üçün xammalla Aralıq dənizi bazarına çıxmasına imkan verib.

SOCAR STAR NEZ-in tikintisi layihəsinə $6,3 milyard sərmayə yatırıb