SƏNAYE

25 Mart

OPEK xəbərdarlıq edir

"Reuters" qurumdakı mənbələrə istinadən bildirir ki, OPEK Rusiya neftinin Avropaya idxalına qadağa qoyulacağı təqdirdə istehlakçılara dəyəcək zərərlə bağlı Avropa İttifaqına xəbərdarlıq edib.

“OPEC nümayəndələri hesab edirlər ki, Ukraynaya qoşun yeritməsi səbəbindən Avropa İttifaqının Rusiyadan neft tədarükünə mümkün qadağası istehlakçılara zərər verəcək və qrup öz narahatlığını Brüsselə çatdırıb”, - agentlik bunu öz mənbələrinə istinadən yazır.

Qeyd olunur ki, OPEC nümayəndələri, o cümlədən təşkilatın baş katibi Məhəmməd Barkindo martın 16-da Avropanın enerji komissarı Kadri Simsonla görüşərək enerji bazarı üçün “qeyri-adi vaxtları” müzakirə ediblər. Agentliyin həmsöhbətlərindən birinin sözlərinə görə, qrupun narahatlığı Aİ-nin diqqətinə çatdırılıb. "Onlar çox yaxşı məlumatlıdırlar", – deyə, mənbələrdən biri açıqlayıb.

ABŞ prezidenti Co Bayden Rusiya enerji daşıyıcılarının idxalına qadağa qoyub. Bunun ardınca Böyük Britaniya 2022-ci ilin sonuna kimi Rusiyadan neft və neft məhsullarının idxalını dayandıracağını açıqladı. Ümumiyyətlə, avropalı siyasətçilər Rusiyadan neftdən tamamilə imtina etməyə hələ hazır olmadıqlarını bildirirlər.