SƏNAYE

15 Mart

“Masdar” Qaradağ Günəş Elektrik Stansiyasının inşasına 225 milyon dollar vəsait qoyacaq

Prezident İlham Əliyev martın 15-də Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib.

"Fins.az" xəbər verir ki,bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilib.

230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən inşa ediləcək.

Energetika naziri Pərviz Şahbazov bu gün mətbuat konfransında bildirib ki, stansiya il yarım ərzində inşa ediləcək.

“Layihənin dəyəri $225 milyon təşkil edir və bu məbləğ “Masdar” şirkəti tərəfindən təmin olunacaq. İstehlakçılara elektrik enerjisinin satışı Tarif Şurasının müəyyən etdiyi tariflər əsasında həyata keçiriləcək. Stansiyanın inşası ildə 110 milyon kubmetr qaza qənaət etməyə və 200 min ton karbon emissiyasının qarşısını almağa imkan verəcək”, - deyə o qeyd edib.

Nazirin sözlərinə görə, bu layihənin həyata keçirilməsi nəticəsində Azərbaycanın enerji sistemində bərpaolunan enerjinin müəyyən edilmiş gücünün xüsusi çəkisi 16,5%-dən 21,2%-ə çatacaq.

Öz növbəsində, Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazrouei bildirib ki, yeni stansiya 110 min mənzili elektrik enerjisi ilə təmin etməyə imkan verəcək. “Stansiyadakı bütün avadanlıqların 20%-i Azərbaycandakı yerli podratçıların hesabına təmin olunacaq”, - deyə o əlavə edib