SƏNAYE

10 Sentyabr

Azərbaycan stabil qaz tədarükü ilə Avropaya kömək etmək niyyətindədir

Azərbaycan stabil qaz tədarükü ilə Avropaya kömək edəcək və enerji sektorunda situasiyanı düzəltməyə çalışaq.

Bu barədə SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov ADA Universitetində keçirilən Regional Enerji Təhlükəsizliyi Simpoziumunun bağlanış mərasimində deyib.

Onun sözlərinə görə, bu gün Avropaya qaz tədarükündə problemlər yaşanır və qazın qiyməti hazırda rekord səviyyədədir: "Ötən gün 700 dollarlıq qiymət səviyyəsi qeydə alınmışdı. Qiymət artımının davam edəcəyi və qiymətlərin qışda da yüksək qalması gözlənilir".

"Bu yüksək qiymətlər istehlakçılara nə vaxt təsiri edəcək? Cavab budur ki, sistemdən asılı olaraq 2-3 ay ərzində onlar qiymətlərdə həqiqi artımı hiss edəcəklər. Bunun üçün biz orada olmalıyıq və stabil tədarüklərimizlə kömək etmək üçün orada olacağıq və enerji sektorunda situasiyanı düzəltməyə çalışacağıq", - deyə V. Bəylərbəyov qeyd edib.

O həmçinin qeyd edib ki, hazırda Azərbaycan Gürcüstan bazarında birinci, Türkiyə də isə əsas ikinci enerji təchizatçısıdır: "Bildiyiniz kimi, Gürcüstan bazarının, demək olar ki, yeganə neft-qaz təchizatçısıyıq. Biz bu gün Türkiyə qaz bazarında ən əhəmiyyətli oyunçulardanıq. Bolqarıstan, Yunanıstan və İtaliyaya ixracı bərpa etdik və bu, hələ davam edəcək. Bundan əlavə, biz təhlükəsiz tədarükün və yükün balansını qorumağa davam edəcəyik. Bu, bizim strateji hədəflərimizdən biridir".

Xatırladaq ki, Azərbaycan 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsi ilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.

© APA