SƏNAYE

10 Sentyabr

Nazirdən açıqlama:“SOCAR Trading” 70 min tondan çox Qazaxıstan nefti alıb

SOCAR Trading S.A.” şirkəti 2021-ci ilin yanvar-iyul aylarında Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə dünya bazarına daha çox tədarük etmək məqsədi ilə Qazaxıstan mənşəli 71 min ton xam neft alıb. Bunu energetika naziri Pərviz Şahbazov deyib.

“Enerji sahəsində ikitərəfli müsbət ticarət dinamikası müşahidə olunur. Qazaxıstanın xam neft və neft məhsulları bu gün Xəzər dənizi ilə Azərbaycan üzərindən Qara dəniz terminallarına daşınır. 2020-ci ildə “SOCAR Trading S.A.” şirkəti Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə dünya bazarına daha çox tədarük etmək məqsədi ilə Qazaxıstan mənşəli 106 min ton xam neft alıb. Bu ilin yeddi ayında bu rəqəm 71 min ton təşkil edib” - deyə nazir bu gün Bakıda keçirilən Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 17-ci iclasında bildirib.

O vurğulayıb ki, hazırda Azərbaycanda enerji səmərəliliyi və enerjinin istehsalı və istehlakında bərpa olunan enerji mənbələrinin payının artırılması sahəsində kompleks tədbirlər görülür. Bu istiqamətdə təcrübə mübadiləsinin uğurla həyata keçirildiyi və sahəyə maraq göstərən Qazaxıstan şirkətləri ilə əməkdaşlıq imkanları da nəzərdən keçiriləcək.

P.Şahbazov, həmçinin 2021-ci ilin 7 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin 62 milyon ABŞ dolları təşkil etdiyini və ticarət əməkdaşlığının bütün istiqamətləri üzrə ixrac-idxal əməliyyatlarının həcmini artırmaq üçün böyük potensialın mövcud olduğunu qeyd edib.

“Azərbaycanda Qazaxıstanın sənaye, kənd təsərrüfatı, ticarət, xidmət, tikinti və nəqliyyat sahələrində fəaliyyət göstərən 152 müəssisəsi qeydiyyatdan keçib. 1995-2021-ci illər ərzində Azərbaycan Qazaxıstana 203,7 milyon ABŞ dolları, Qazaxıstan isə Azərbaycana 94,8 milyon ABŞ dolları sərmayə qoyub”, - deyə o bildirib.

İclasın sonunda ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyasının 17-ci iclasının yekunlarına dair Protokol imzalanıb.

Hazırda “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan neft və “Şahdəniz” yatağından çıxarılan kondensat, SOCAR-ın nefti, eləcə də Türkmənistan, Qazaxıstan və Rusiya nefti BTC boru kəməri ilə nəql olunur.

BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 milyon tondan çoxdur.

Layihənin iştirakçıları BP (30,1%); SOCAR (25%); MOL (8,9%); “Equinor” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); ExxonMobil (2,5%); INPEX (2,5%), Total (5%) və ONGC (2,36%) şirkətləridir.