SƏNAYE

06 Avqust

Azəri-Çıraq-Günəşlidən hasilat azalıb

2021-ci ilin 1-ci yarısında Azəri-Çıraq-Günəşlidən (AÇG) ümumi hasilat – Çıraq (30 000), Mərkəzi Azəri (111 000), Qərbi Azəri (118 000), Şərqi Azəri (78 000), Dərinsulu Günəşli (88 000) və Qərbi Çıraq (43 000) platformalarından birlikdə – gündə orta hesabla 468 000 barel və ya ümumilikdə təxminən 85 milyon barel, yəni 11 milyon ton olub.

Fins.az xəbər verir ki,2020-ci ilin yarım ilində AÇG-dən ümumi hasilat – Çıraq (38 000), Mərkəzi Azəri (123 000), Qərbi Azəri (122 000), Şərqi Azəri (66 000), Dərinsulu Günəşli (96 000) və Qərbi Çıraq (53 000) platformalarından birlikdə – gündə orta hesabla 498 000 barel və ya ümumilikdə təxminən 91 milyon barel, yəni 12 milyon ton olmuşdu.

Məlumata görə, AÇG-nin illik iş proqramının bir hissəsi olaraq ikinci rübdə Qərbi Azəri platformasında planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirilmişdir.

Plana əsasən Qərbi Azəri platformasından hasilat təxminən 13 gün ərzində dayandırılmışdı ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan uzun müddət istismar qabiliyyətini davam etdirə bilməsi məqsədilə aparılan bu proqram tam təhlükəsiz şəkildə və vaxtında başa çatdırılmışdır. 

İkinci rübün sonunda AÇG-də ümumilikdə 131 neft hasilat quyusu, 44 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub. Ötən ilin ikinci rübünün sonunda AÇG-də ümumilikdə 129 neft hasilat quyusu, 42 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.

2021-ci ilin birinci yarısında AÇG-də 6 neft hasilatı və 3 suvurma quyusu qazılmışdır.