SƏNAYE

29 İyul

“AzerGold” 2020-ci ildə mənfəətini 4,7 dəfə artırıb

2020-ci ilin yekunları üzrə “AzerGold” QSC-nin xalis mənfəəti 99,7 milyon manat təşkil edib. Fins.az xəbər verir ki, bunu cəmiyyətin sədri Zakir İbrahimov deyib.

“2020-ci ilin yekunları üzrə “AzerGold”un xalis mənfəətini bir il əvvəllə müqayisədə 4,7 dəfə artırmağa müvəffəq olduq. Bu artımın əsas səbəbi keçən il qızılın bahalaşaraq koronavirus pandemiyası şəraitində tarixən yüksək göstəriciyə çatmasıdır. Biz qızılın yüksək qiymətlərindən maksimum istifadə etdik”, - deyə Z.İbrahimov “Real TV” telekanalına müsahibəsində bildirib.

Bundan başqa, o əlavə edib ki, ötən il xalis mənfəətin artması “AzerGold”un koronavirus pandemiyası şəraitində qızıl ixracını dayandırmaması və ixrac həcminin artması ilə bağlıdır.

“2020-ci ildə qızıl ixracı üzrə planı 10% üstələdik”, - deyə İbrahimov əlavə edib.

O, həmçinin qeyd edib ki, ümumilikdə 5 il ərzində “AzerGold”un ümumi xalis mənfəəti 134 milyon manat təşkil edib.

Xəbər verildiyi kimi, 2019-cu ilin yekunları üzrə xalis mənfəət $12,44 milyon təşkil edib (cari məzənnə ilə 21,25 milyon manat - İF).

“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.

Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.