SƏNAYE

31 May

Səudiyyə Ərəbistanının neft şirkəti Azərbaycan bazarını tərk edir

"Aramco Overseas Company Azərbaycan" MMC ləğv olunduğunu elan edib. 

Fins.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini 1065 Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 8, mənzil Hyatt beynəlxalq Mərkəzi, Hyatt Touer 2, 1-ci mərtəbə, Dentons Şirkəti ünvanına bildirə bilərlər.

Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun Bakıda “Aramco Overseas Company Azerbaijan” MMC adı altında törəmə şirkəti 2018-ci ildə fəaliyyətə başlamışdı.

 “Aramco Overseas Company Azerbaijan”nın nizamnamə kapitalı 10 min avro, hüquqi nümayəndəsi isə Səudiyyə Ərəbistanı vətəndaşı Talal Al Marri Husaindir.

Xatırladaq ki, Azərbaycanda “Saudi Aramco” şirkətinin nümayəndəliyinin açılmasına dair razılıq energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyətinin yanvarda Səudiyyə Ərəbistanına səfəri çərçivəsində bu ölkənin energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih ilə görüşündə əldə olunmuşdu. 

Mərkəzi ofisi Səudiyyə Ərəbistanının Zəhra şəhərində yerləşən şirkət ilk neft quyusunu 1935-ci ildə qazıb. Şirkətin 261 milyard barrel nefti var və bu rəqəm ABŞ-ın ən böyük neft şirkəti “ExxonMobile”nin həcmlərindən 10 dəfə çoxdur. Dünyada hasil edilən hər 8 barrel neftdən birini “Saudi Aramco” çıxarır. Şirkətdə 51 min Səudiyyə Ərəbistanı vətəndaşı, 10 min 254 nəfər isə əcnəbi çalışır.