Siyasət

26 May

Türkiyə Qara dənizdə daha bir qaz yatağı tapıb

İyunda Türkiyə hökuməti Qara dənizdə yeni qaz ehtiyatlarını tapdığını bəyan edə bilər.

Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz “A Haber” telekanalının efirində deyib.

“Gəlin daha çox xəbər üçün iyunu gözləyək. İşlər iyunda başa çatacaq”, – o bildirib.

“EADaily” agentliyinin verdiyi xəbərə görə, Türkiyənin iki qazma gəmisi “Fatih” və “Qanuni” ötən il kəşf edilmiş qaz yatağı üçün Qara dənizə çıxıb, “Barbaros Hayreddin Pasha” adlı seysmik gəmi isə qonşu sektorda işə başlayıb.

Türkiyə hasilata iki ilə başlamağı və ölkənin istehlakının üçdə birini Qara dəniz qazı ilə qarşılamağı planlaşdırır.

Bir müddət öncə F.Dönməz tvitterdə “Qanuni”nin “Türkali-2” quyusunda sınaq aparacağını yazıb. Bundan sonra qazma gəmisi “Türkali-1” və “Tuna-1” quyularını yoxlayacaq.

“Daily Sabah” nəşri isə xəbər verib ki, Türkiyə artıq qazın quruya çatdırılması ilə bağlı araşdırmalar aparır.

Türkiyə ötən il “Sakarya” yatağını kəşf edib. Bu yataqdan ilk qazın istehlakçılara 2023-cü ildə 150 ​​kilometrlik sualtı qaz kəməri ilə tədarük olunması gözlənilir.

Ehtimal olunan ehtiyatları 405 milyard kubmetr olan bu yataqda növbəti illərdə 10 quyunun qazılması planlaşdırılır. Ümumilikdə, 2028-ci ilə qədər təxminən 40 quyunun qazılması gözlənilir.

İlk illərdə hasilat 5-10 milyard kubmetr təşkil edəcək. 2025-ci ildə isə hasilatın 15 milyarda çatması planlaşdırılır. Bu, Türkiyədə son illərdə qaz istehlakının üçdə bir hissəsinə bərabərdir.

Report