SƏNAYE

15 Mart

"Hər bir sahibkar onlayn qaydada obyektinin enerji təchizatına qoşulması ilə bağlı müraciət edə bilər"

Vətəndaş müraciətlərinin şəffaf və səmərəli idarə olunması məqsədilə "Azərişıq" ASC, "Asan Xidmət" və "Asan Kommunal" mərkəzlərində 17 xidmət üzrə fəaliyyət göstərir.

Fins.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında 1 saylı "Asan Komunal" mərkəzinin qrup rəhbəri Mirtağı Mustafayev deyib.

Onun sözlərinə görə,  müraciətlərin vahid "Bir pəncərə" prinsipi əsasında idarə edilməsi məqsədilə Elektron Müraciətlərin İdarə Olunması (EMİOS) yaradılıb.

"Hər bir sahibkar onlayn qaydada obyektinin enerji təchizatına qoşulması ilə bağlı müraciət edə bilər. EMİOS digər dövlət orqanları ilə inteqrasiya edildiyi üçün sahibkar sənəd toplusunu üzərində gəzdirmədən 150 kWt qədər mövcud və ya inşa ediləcək tikinti obyektinə enerji təchizatı şəbəkəsinə qoşulması üçün müraciət edə bilər. Bununla da tələb olunan gücü müəyyənləşdirdikdən sonra sahibkar onlayn şəkildə ödəniş edə bilir",- deyə M. Mustafayev qeyd edib.

O həmçinin əlavə edib ki, eyni zamanda bu islahatlarla "Azərişıq" tələb olunan gücü 150 kWt qədər mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasını e-gov (elektron hökumət portalı) üzərində də edə bilir.

"Müraciət zamanı reyestr-qeydiyyat nömrəsi əlavə etməklə CİS (Coğrafi İnformasiya Sistemi) və güc mərkəzi vasitəsilə obyektin məsafəsi müəyyən edilir. 400 metr daxilində sahibkar elektron hökumət portalı vasitəsilə müraciətinin ödənişini edir, 10 və 20 gün ərzində sahibkar enerji təchizatı şəbəkəsinə qoşulur. 

Yaradılan texniki şura lazım olan digər dövlət orqanlarından elektron qaydada müraciət edərək lazımi icazəni alır",- deyə M. Mustafayev bildirib.

Mərkəzinin qrup rəhbərini  sözlərinə görə, aparılan islahatlar həyata keçirilən xidmətlərin insan faktoru olmadan həyata keçirilməsində böyük rol oynayır. 

"Sahibkar, müraciətinin qəbulu və müraciətinin hansı mərhələdə olduğu məlumatını e-gov.az vasitəsilə əldə edə bilər.

Enerji təchizatına qoşulma işləri yerinə yetirildikdən sonra SMS xidməti vasitəsilə sahibkarlara linklə müvafiq sənədlər toplusu elektron qaydada göndərilir",- deyə M. Mustafayev qeyd edib.