SƏNAYE

23 Fevral

Energetika Nazirliyi: Azərbaycan və BP karbonsuzlaşdırma və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq edəcək

Azərbaycan Respublikasının Energetika Nazirliyi və Britaniyanın BP şirkəti Azərbaycanın regionlarında və şəhərlərində bərpa olunan enerji layihələri üçün tələb olunan potensialı və şəraiti birgə araşdıracaq. Bu barədə nazirliyin məlumatında deyilir.

“Bu gün Energetika Nazirliyi və BP iri miqyasda karbonsuzlaşdırılmış və inteqrasiya edilmiş enerji və nəqliyyat sistemləri, o cümlədən Azərbaycanın regionlarında və şəhərlərində bərpa olunan enerji layihələri üçün tələb olunan potensialın və şəraitin qiymətləndirilməsi üzrə əməkdaşlıq etmək məqsədilə Anlaşma Memorandumu imzalayıblar”, - deyə məlumatda bildirilir.

Memoranduma əsasən, fəaliyyətin həyata keçirilməsi məqsədilə “Rəhbər Komitə” və “İşçi Qrupu”un yaradılması, Azərbaycanın müvafiq region və ya şəhərləri üçün karbonsuzlaşdırma üzrə “Baş Plan”nın hazırlanması nəzərdə tutulur.

““Baş Plan” təmiz enerji layihələri, az karbonlu nəqliyyat, yaşıl binalar, tullantıların idarə olunması, təmiz sənaye, təbii iqlim həlləri, inteqrasiyalı tərəfdaşlıqlar, həmçinin inteqrasiyalı və karbonsuzlaşdırılmış enerji və nəqliyyat sistemlərinin hazırlanması istiqamətlərini əhatə edəcək”, - deyə məlumatda qeyd olunur.

“Bu gün ölkədə bərpa olunan enerji sahəsinin inkişafı, xüsusilə yaşıl enerji zonalarının yaradılmasına yüksək səviyyədə dəstək verilir. Xarici və yerli investorlar Azərbaycanı uzunmüddətli, dayanıqlı, ucuz və ekoloji cəhətdən təmiz enerji növləri ilə təmin etmək prosesinə dəvət edilir. Bu gün imzaladığımız bu sənəd neft-qaz sahəsində uzunillik strateji tərəfdaşımız BP ilə karbonsuzlaşdırma və bərpa olunan enerji layihələri üzrə əməkdaşlığımız üçün yeni imkanlar yaradır”, - deyə energetika naziri Pərviz Şahbazov bildirib.

“Memorandum BP və Azərbaycan üçün potensial olaraq tərəfdaşlıq imkanlarına aparan yeni əməkdaşlıq platforması təmin edir. BP təxminən otuz ildir ki, Azərbaycanın enerji tərəfdaşıdır və inanırıq ki, BP-nin az karbonlu enerji sahəsində öz biznesini əhəmiyyətli dərəcədə artırmağı, həmçinin nəqliyyat və rahatlıq üzrə təklif etdiyi xidmətləri transformasiya etməyi hədəflədiyi bir vaxtda Azərbaycanla uğurlu tərəfdaşlığımıza əsaslanan böyük potensial mövcuddur. BP bu yaxınlarda Hyuston və Aberdin şəhərləri ilə tərəfdaşlığa başlayıb və biz bu Anlaşma Memorandumunu imzalamaqla, emissiyaların azaldılmasına yönəlmiş təmiz enerji də daxil olmaqla inteqrasiya edilmiş enerji və nəqliyyat həlləri gətirmək məqsədilə Azərbaycanın regionları və şəhərləri ilə də oxşar tərəfdaşlıq imkanlarını araşdırmaq istəyirik”, - deyə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz vurğulayıb